Mayın 27-də Azərbaycan Dillər
Universitetində (ADU) tələbələrin ifasında Azərbaycan professional musiqi
sənətinin banisi Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” musiqili komediyası
ingilis dilində nümayiş olunub.
Manset.az xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin anadan
olmasının 140 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 11 yanvar 2024-cü il tarixli “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd
edilməsi haqqında” Sərəncamına əsasən hazırlanıb.
Səhnə əsəri həmçinin Mədəniyyət və
İncəsənət Universitetinin keçirdiyi “Pillə 3” Teatr Festivalında təqdim
edilib və böyük maraqla qarşılanıb. Qeyd olunub ki, bu yanaşma həm
tələbələrin dil bacarıqlarını inkişaf etdirmək, həm də milli irsimizi beynəlxalq
müstəvidə tanıtmaq məqsədi daşıyır.
Tamaşanın ideya müəllifi ADU-nun
rektoru, akademik Kamal Abdulla, rejissoru Əsmər Həbibli, bədii
rəhbəri Səadət Nəbiyeva, musiqi tərtibatçıları Sevinc Abdullayeva və Hüseyn
Məhəmmədoğlu, xoreoqrafı Cəmilə Vəliyevadır. Kollektivin birgə əməyi
nəticəsində səhnəyə çıxarılan bu tamaşa təqdimatı, səhnə quruluşu və musiqi
müşayiəti ilə fərqlənərək tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Nümayişin sonunda akademik Kamal
Abdulla çıxış edərək tamaşanın ərsəyə gəlməsində əməyi olan yaradıcı heyətə,
tələbələrə və təşkilatçılara təşəkkürünü bildirib. Rektor bu cür yeni mədəni
təşəbbüslərin tələbələrin yaradıcılıq imkanlarını ortaya çıxarması və
universitetin mədəni həyatına yeni nəfəs gətirməsi baxımından mühüm rol
oynadığını vurğulayıb. O, gələcəkdə də bu qəbildən olan tədbirlərin davamlı
keçiriləcəyinə əminliyini ifadə edib.