1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi
Günü ilə əlaqədar “Azərişıq” ASC-nin Mülki Müdafiə Qərargahı Ağdamda maarifləndirici
tədbir təşkil edib. Ağdamda inşa edilmiş Regional Rəqəmsal İdarəetmə Mərkəzi və
Təlim Tədris Kompleksində “Fövqəladə hadisə zamanı davranış qaydaları və ilkin
tibbi yardım” mövzusunda keçirilən təlimdə Quzanlı qəsəbə tam orta məktəbinin
şagirdləri iştirak ediblər.
Manset.az xəbər verir ki, məktəblilər "Qəza və yanğınlar zamanı
təhlükəsizlik qaydalarına əməl olunması", "Təxirəsalınmaz ilkin tibbi
yardım" mövzularında maarifləndirilib. Elektrik naqilləri və
avadanlıqları, sürpriz minalarla davranış qaydaları, yanğınsöndürmə
balonlarından, əleyhqazlardan, əl altında olan digər əşyalardan istifadə,
yaraların sarınması və yaralıların təhlükəsiz əraziyə təxliyə qaydaları öyrədilib.
Təlimdə mülki müdafiə stendi və xilasetmə vəsaitləri də nümayiş etdirilib.
Şagirdlər fərdi mühafizə vasitələri ilə tanış olub. İştirakçılara mülki müdafiə
sahəsində hazırlanan tədris vəsaitləri və bukletlər təqdim edilib.
Tədbirin ikinci hissəsində şərti təlim
keçirilib. İştirakçılar 10 kV-luq KTM yaxınlığında şərti qəzanın qarşısını
almağa çalışıblar.
Sonda təlim içtirakçılarına diplomlar təqdim
olunub. Tədbirin yekununda şagirdlər həmyaşıdlarına müraciət edərək onları təhlükəsizlik
qaydalarına əməl etməyə çağırıblar. Sülhün rəmzi olan ağ göyərçinləri işğaldan
azad olunan Ağdamın səmalarına buraxıblar.
“Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurla
yanaşı, ölkənin bütün regionlarında maarifləndirici tədbirləri davam etdirir.