NEQSOL
Holding Ukraynanın Antiinhisar Komitəsindən “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti”
SC-nin (BDKŞ/UMCC) səhmlərinin nəzarət paketinin əldə olunmasına dair rəsmi
razılıq alıb. Dünyanın aparıcı titan və nadir torpaq metalları
istehsalçılarından biri olan “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti” titan
konsentratı istehsalına görə Avropada birinci yeri tutur. Sövdələşmə NEQSOL
Holding-ə məxsus olan CEMIN Ukraine MMC törəmə şirkəti vasitəsilə həyata
keçiriləcək.
Bu
razılığın əldə olunması Ukraynada ən böyük özəlləşdirmə proseslərindən birinin
yekun mərhələyə keçməsinə imkan verir. Müqaviləyə əsasən, “Birləşmiş Dağ-Mədən
və Kimya Şirkəti”nin səhmlərinin birbaşa alınması ilə CEMIN Ukraine MMC şirkət
üzərində tam nəzarət əldə edəcək.
NEQSOL
Holding özəlləşdirmə prosesindən irəli gələn bütün öhdəliklərin tam şəkildə
icrasına hazır olduğunu bildirir və “Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti”ni müasir,
səmərəli və qlobal titan bazarında rəqabətədavamlı bir şirkətə çevirməyi
qarşısına məqsəd qoyur.
“Birləşmiş Dağ-Mədən və Kimya Şirkəti əhəmiyyətli potensiala malikdir və biz bunda ölkənin iqtisadiyyatının bərpasına töhfə vermək imkanı görürük. Hazırda bizim əsas prioritetimiz müvafiq biliklər, texnologiyalar və idarəetmə təcrübələri tətbiq etməklə, şirkəti qlobal səviyyədə güclü və rəqabətədavamlı etməkdir”, – deyə NEQSOL Holding-in Sədri Yusif Cabbarov bildirib.
Şirkətdə
geniş miqyasda modernizasiya işlərinin aparılması üçün NEQSOL Holding artıq bu
sahədə ixtisaslaşmış qabaqcıl şirkətlərlə və müxtəlif ekspertlərlə əməkdaşlığa
başlayıb. Əsas istiqamətlər yüksək əlavə dəyərə malik olan məhsulların işlənib
hazırlanmasını, xammalın dərin emalını və əsas beynəlxalq bazarlara çıxışın təmin
edilməsini əhatə edir.
NEQSOL
Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində
11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.