Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası keçirilir.
Manset.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Sahib Məmmədovun rəhbərliyi ilə qurumun nümayəndə heyəti tədbirdə iştirak edir.
Sessiyada çıxış edən Konfederasiya sədri Azərbaycan vətəndaşının
əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb,
ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının
qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən
xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib.
BƏT-in Azərbaycanın etibarlı sosial tərəfdaşı olduğunu qeyd
edən Konfederasiya sədri ölkəmizin müstəqilliyinin ilk illərindən quruma üzv
olduğunu, işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya edildiyini
diqqətə çatdırıb.
Bildirilib ki, qlobal dəyişikliklər, çağırışlar müəyyən çətinliklər
də yaradır və mümkün risklərin qarşısının alınması üçün səylər birləşdirilməlidir.
Süni intellektin, rəqəmsallaşmanın məşğulluğa, əmək bazarına təsirlərini qeyd
edən Konfederasiya sədri BƏT tərəfindən yeni qlobal standartların qəbulunun
işçilərinin hüquqlarının qorunmasında hüquqi baxımdan önəmini bildirib.
Tədbirdə Azərbaycan həmkarlar ittifaqları sistemində
aparılan islahatlar və layihələr, “Kurort” Turizm İnformasiya Mərkəzi, eləcə də
Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat
verilib, həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərə dair
qanun layihəsi üzərində iş aparıldığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası ittifaq üzvlərinin hüquqlarının qorunması, layiqli iş şəraitinin
təmin olunması istiqamətində bundan sonra da səylərini davam etdirəcəkdir.