Amsterdam
şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan
Money 20/20 Europe forumunda, Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi
olan Bir ekosisteminin fintex şirkəti PashaPay ölkəmizi təmsil edir. 3–5 iyun
2025-ci il tarixlərini əhatə edən tədbirdə PashaPay öz stendi ilə çıxış edərək
Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim
edir.
Money
20/20 Europe maliyyə və texnologiya sahəsində ən nüfuzlu qlobal tədbirlərdən
biridir. Burada dünyanın ən qabaqcıl fintex liderləri, innovativ startapları və
iri maliyyə institutları yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri
formalaşdırır və birgə innovativ layihələrə imza atırlar.
Tədbir
çərçivəsində Bir ekosisteminin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq
mühüm bir əməkdaşlığa da imza atılıb. Belə ki, PashaPay, rəqəmsal ödəniş
texnologiyaları sahəsində qlobal lider olan Mastercard ilə birlikdə ölkədə
innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu
imzalayıb. Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal
identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət
göstərəcəklər. Bununla yanaşı, Mastercard-ın “MoneySend”, “Cross-Border Send” və
“Alias Directory” xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş
çıxışın təmin edilməsi də nəzərdə tutulur.
Qeyd
edək ki, Bir ekosisteminin əsas şirkətlərindən biri olan Kapital Bank da öz
nümayəndə heyəti ilə tədbirdə iştirak edir. Belə ki, bankın liderləri tədbir
zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal
bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin müxtəlif vörkşoplarda
iştirak edərək sektorun ən son yeniliklərini öyrənirlər.
Qafqaz
regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Birbank,
m10, MilliÖn, Umico.az, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı
brendlərini vahid çətir altında birləşdirir. PAŞA Holding tərəfindən yaradılan
ekosistem 2025-ci il 7 fevralda ictimaiyyətə təqdim olunub və müştərilərin gündəlik
maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını innovativ yanaşma ilə
qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.