Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə
Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) rəisi Rafiq Aslanov xidmətin aparatı və
regional bölmələrin nümayəndələri ilə görüş keçirib.
SİMDNX-nın
mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Xidmət rəisi Rafiq Aslanov görüşdə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 04 iyun 2025-ci il tarixli 403
nömrəli Fərmanı ilə xidmətin qarşısına qoyulmuş vəzifə və funksiyaların icrası
ilə bağlı müvafiq tapşırıqlarını verib.
Xidmət rəisi
qeyd edib ki, sözügedən Fərmanla Azərbaycan Respublikası Prezidentinin 29 Fərmanına
90 dəyişiklik edilib. Qeyd edilən dəyişikliklər çərçivəsində həm ölkə
başçısının İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə bağlı 16 fevral 2016-ci il
tarixli 795 nömrəli fərmanına, həm də ölkə başçısının məhkəmələrin baxdığı işlər
üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq
edilməsi barədə 3 may, 2017-ci il tarixli 1361 nömrəli fərmana ümumilikdə 15 dəyişiklik
edilib. Nəticədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə
tutulan 23 inzibati xəta üzrə səlahiyyətlər Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinə ötürülüb.
Xidmət rəisi həmçinin
əlavə edib ki, əvvəllər suların istifadəsi
və mühafizəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar
haqqında işlərə bundan sonra ADSEA
baxacaqdır.
Xidmət rəisinin müavini Tural
Abbasov isə öz çıxışında bildirib ki, bundan sonra İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş 13 inzibati xəta üzrə Xidmət və regional bölmənin əməkdaşları
tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün
aidiyyəti məhkəməyə, 10 inzibati xəta ilə bağlı isə inzibati xəta haqqında
protokol tərtib edilməklə yanaşı həm xidmət və regional bölmələr müvafiq qərarlar
qəbul edəcək.
Eləcə də, tədbir zamanı xidmətin
digər struktur bölmə rəhbərlərinin çıxişları dinlənilib və işin düzgün təşkili
ilə bağlı lazımi tapşırıqlar verilib.