“Sertifikasiya sualları peşəkar mütəxəssislər tərəfindən hazırlanır və həmin şəxslər özləri də bu prosesi keçiblər”.
Manset.az xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov millət vəkilləri və ictimai xadimlər üçün təşkil olunmuş infotur zamanı səsləndirib.
Millət vəkillərinin imtahan suallarının hazırlanması və Əməkdar müəllimlərin bu prosesdə iştirakı ilə bağlı suallarını cavablandıran Eşqi Bağırovun sözlərinə görə, suallar asan, orta və çətin səviyyələrə bölünür. Bu bölgü müəllimlərin bilik və bacarıqlarının daha dəqiq qiymətləndirilməsinə xidmət edir.
Onun sözlərinə görə, sertifikatlaşdırmanın məqsədi müəllimlərin peşəkarlıq səviyyəsini və peşəyə yararlılığını qiymətləndirməkdir: “Suallar peşəkar komanda tərəfindən hazırlanıb. Bu komandaya aparıcı müəllimlər, dərslik müəllifləri, uzun illər ölkədəki imtahan proseslərində iştirak edən təcrübəli mütəxəssislər daxildir”.
Eşqi Bağırov əlavə edib ki, Əməkdar müəllimlər də imtahanda iştirak ediblər:
“Sevindirici haldır ki, imtahanda iştirak edən Əməkdar müəllimlər arasında kəsilən olmayıb və onların nəticələri yüksək olub”.
Sertifikasiyadan keçməyən müəllimlərin məşğulluğu ilə bağlı deputatların suallarına cavab olaraq bildirilib ki, indiyədək 1200 belə müəllim işlə təmin olunub.