Ötən gün saytımızda yayımlanan "Face Studio"nun sahibi Rüfət Bədirovun keçmiş həyat yoldaşı Fidan Həsənovanın (Bədirova) irəli sürdüyü faktlarla bağlı yayılmış məlumatlarla əlaqədar Ali Məhkəmə məsələyə münasibət bildirib.
Ali Məhkəmədən Manset.az-a verilən məlumata görə, Bədirova (Həsənova) Fidar Fariz
qızı və Bədirov Rüfət Çingiz oğlu arasında 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri
9 saylı Mediasiya Təşkilatında Barışıq sazişi bağlanmışdır.
Barışıq sazişinin şərtlərinə əsasən
nikahları pozulduqdan sonra 2020-ci il təvəllüdlü uşaqlarının yetkinlik yaşına
çatanadək R.Bədirovun himayəsinə verilməsi, F.Bədirovaya isə uşaqla hər həftənin
cümə günü görüş və ünsiyyət imkanın yaradılacağı, habelə F.Bədirovaya aylıq 10.000
manat məbləğində alimentin ödənilməsi, 1 avtomobilin F.Bədirovaya verilməsi,
digər daşınar və daşınmaz əmlakların isə R.Bədirovun mülkiyyətində saxlanılmışdır.
Bundan sonra, F.Bədirova məhkəməyə
müraciət edərək, Azərbaycan dilini yaxşı bilməməsi səbəbindən imzaladığı
sazişin şərtlərini anlamadığına, habelə vəkil və mediator tərəfindən
aldadılmasına istinad etməklə Barışıq Sazişinin bir sıra bəndlərinin etibarsız
hesab olunmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində
işə baxılarkən iddiaçının istinad etdiyi əsaslar öz təsdiqini tapmamışdır. Bununla
yanaşı, birinci instansiya məhkəməsində izahatı alınmış mediator M.Qafarova bildirmişdir
ki, hər iki tərəf vəkilləri ilə təmsil olunaraq mediasiya prosesində könüllü
olaraq iştirak etmişlər, barışıq sazişinin imzalnması zamanı iddiaçıya hər
hansı psixoloji təzyiq göstərilməmiş, habelə barışıq sazişinin şərtləri birgə müzakirə
edilmiş və Fidan Bədirova sazişin şərtlərinin azərbaycan dilində oxunduqdan
sonra ona aydın olduğunu göstərmişdir.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin
2024-cü il 20 iyun tarixli qətnaməsi ilə F.Bədirovanın iddiası iddia tələbinin əsaslarının
öz təsdiqini tapmaması əsası ilə təmin olunmamışdır.
Daha sonra, iddiaçı Fidan Bədirovanın
bu qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki
kollegiyasının 2025-ci il 17 yanvar tarixli qətnaməsi ilə təmin edilməyərək,
birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsi
iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən göstərmişdir
ki, iddiaçı, yuxarıda qeyd edilən şəxslər tərəfindən aldadıldığını bildirsə də,
bu hal sübuta yetmir. Məhkəmə F.Bədirovanın sazişin şərtlərini dərk etməsini
işdə olan səsli videoyazı ilə mübahisələndirilən sazişin imzalanması tarixindən
2 gün əvvəl F.Bədirova və R.Bədirovun birlikdə sonuncunun ofisində aralarındakı
nikahın pozulması ilə bağlı mübahisənin bağladıqları sazişin şərtlərinə uyğun qaydada
həll olunacağına dair danışıqlarının mövcudluğu ilə də əsaslandırmışdır. Belə
ki, həmin audio-video yazıdan aşkar surətdə bəlli olmuşdur ki, iddiaçı onunla R.Bədirovun
arasında gedən söhbətin mahiyyətini anlamış, uşağın R.Bədirovda qaldığı halda
kimin tərəfindən qulluq olunacağı barədə sual vermiş, uşağın atada qalması təkliflərini
rədd etməmiş, əlavə olaraq istifadəsində olan avtomobilin onda qalmasını xahiş
etmişdir.
Apellyasiya instansiyası məhkəməsi
həmçinin göstərmişdir ki, iddiaçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan
dili bölməsində ali təhsil almışdır. Bundan əlavə olaraq, F.Bədirovanın məhkəməyə
ünvanlanmış audio-video müraciətində də Azərbaycan dilində səlis və aydın tərzdə
çıxış edə bilməsi müəyyən edilmişdir.
İddiaçı tərəfindən həmin qətnamədən
verilmiş kassasiya şikayəti 2025-ci ilin 2 may tarixində Azərbaycan
Respublikasının Ali Məhkəməsinə daxil olmuş və prosessual qanunvericiliyin müəyyən
etdiyi müddət ərzində baxılaraq, Mülki kollegiyasının 2025-ci il 21 iyun
tarixli qərarı ilə təmin edilməmişdir.
Kassasiya instansiyası məhkəməsi
apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həlli zamanı maddi və
prosessual hüquq normaların pozulmasının müəyyən olunmadığı qənaətinə gəlmişdir.
Əlavə olaraq qeyd olunmalıdır ki, hazırki işdə barışıq
sazişinin etibarsızlığı tələbinə baxıldığından, iddianın rədd edilməsi uşağın
anadan məcburi qaydada alınaraq ataya verilməsi üçün əsas deyildir. Uşağın
anadan məcburi qaydada alınaraq ataya verilməsi üçün mediasiya sessiyasında
imzalanmış bu barışıq sazişinin R.Bədirovun iddiası üzrə məhkəmə qaydasında təsdiqi
tələb olunur.
Qeyd edək ki, Ali Məhkəmənin rəsmi açıqlama yaymaq məcburiyyətində qaldığı bu səs-küylü xəbəri ilk Manşet.az Xəbər Portalı yayımlayıb. Həmin xəbərlə buradan tanış ola bilərsiniz.