“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, mədəni və idman həyatının yenidən qurulması və canlandırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Manset.az xəbər verir ki, bu tədbirlərə dəstək məqsədilə ölkəmizin ən uğurlu idman klublarından biri olan “Qarabağ” futbol klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrə səfəri davam edir.
Budəfəki dayanacaq Xankəndi şəhəri idi. "Qarabağ" klubu Xankəndidəki Qarabağ Universitetində olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komandanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Universitetinin rektoru Şahin Bayramov qarşılayıb.Komanda burada təhsil ocağı ilə tanış olub, tələbələrlə görüşüb.
Universitetin incəsənət fakültəsinin tələbələri akt zalında komanda üzvləri qarşısında çıxış da edib.
Futbolçular daha sonra şəhər gəzintisinə çıxaraq, Xankəndidə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Buradakı sakinlər futbolçu və məşqçi heyəti ilə şəkil çəkdirməyi də unutmayıblar.
Xatırladaq ki, tədbirin əsas məqsədi Qarabağ bölgəsindən olan və hazırda dogma yurdlarına qayıdan sakinlərə mənəvi dəstək olmaq, idmanın birləşdirici və ruhlandırıcı gücünü nümayiş etdirməkdir.