Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə mədəniyyət
müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və
inkişafı məqsədilə yeni tədris modulları əsasında həyata keçirilən təlim başa
çatıb.
Manset.az xəbər verir ki, cari ilin may-iyun aylarını əhatə edən “Azərbaycan
Respublikasının əmək qanunvericiliyi” mövzusunda keçirilən təlimdə Mədəniyyət
Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrin insan resursları üzrə mütəxəssisləri
iştirak ediblər.
İyunun 24-də Azərbaycan Milli Kitabxanasında təlimin
yekun tədbiri keçirilib.
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi İnsan
kapitalının idarə edilməsi şöbəsinin müdiri Kamil Bayramlı təlim
iştirakçılarına təbriklərini çatdırıb, nazirlik tərəfindən kadr potensialının təkmilləşdirilməsi
və inkişafı istiqamətində müxtəlif layihələrin reallaşdırıldığını vurğulayıb.
Təlimçi, Bakı Dövlət Universiteti Əmək və Ekologiya
hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyev layihənin
əhəmiyyətindən danışıb, Təşkilatçılara təşəkkürünü bildirib.
Mərkəzin direktor vəzifəsini icra edən sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov mədəniyyət müəssisələrində müasir,
qanunauyğun və keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlarda
yaradıcı peşə təfəkkürünün formalaşması, tutduqları vəzifə üzrə bilik və
bacarıqlarının artırılmasının qurumun prioritet vəzifələrindən olduğunu diqqətə
çatdırıb.
Qeyd olunub ki, təlim müddətində dinləyicilər əmək
qanunvericiliyinin əsasları, müəssisədə insan resursları üzrə işin təşkili və
kadr kargüzarlığının aparılması, əməyin mühafizəsi qaydaları və digər
mövzularla bağlı bilik və praktiki vərdişlərini təkmilləşdirmək imkanı
qazanıblar.
Sonda təlim iştirakçıları test imtahanı verərək
sertifikatlarla təltif olunublar.
Məlumat üçün qeyd edək ki, daha öncə mərkəz tərəfindən
bu istiqamətdə iki təlim təşkil olunub.