"Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb".
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Bildirilib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən "022" dönər evində baş verdiyi müəyyən edilib.
"Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək, laborator müayinələrə göndərilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, zəhərlənənlərin sayı 26 nəfərə çatıb.
***
19:36
Bu gün saat 16:56 radələrində 21 nəfər (10-ü kişi, 11-ü qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir.
***
19:33
Bu gün saat 16:56 radələrində 16 nəfər (7-i kişi, 9-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrində davam etdirilir.
***
19:12Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Manset.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
***
19:06
Tovuzda qidadan zəhərlənən şəxslərin adları məlum olub.
Manset.az Report-a istinadən xəbər verir ki, onlar 2022-ci il təvəllüdlü Ə.Əliyev, 2007-ci il təvəllüdlü A.Cəfərova, 1979-cu il təvəllüdlü X.Musayeva, 2008-ci il təvəllüdlü R.Əmiraslanov, 2017-ci il təvəllüdlü R.Eyvazov, 2013-cü il təvəllüdlü R.Eyvazov, 1983-cü il təvəllüdlü D.Eyvazov, 2019-cü il təvəllüdlü P.Ələkbərli, 2016-ci il təvəllüdlü E.Kərimli, 2018-ci il təvəllüdlü E.Kərimli, 1997-ci il təvəllüdlü Ş.Əliyeva, 2006-cı il təvəllüdlü A.Hüseynovadır.
Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləri və onların qohumlarıdırlar.
***
19:03
Tovuzda kütləvi zəhərlənmə olub.
Manset.az Report-a istinadən xəbər verir ki, rayonda 12 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onların içərisində azyaşlılar da var.
İlkin ehtimala görə, onlar dönərdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.