Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Manset.az xəbər verir ki, iyunun 25-də Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Zəfərin ruhu" adlı səyyar rəsm və foto sərgisi açılıb.
Əvvəlcə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov və ictimaiyyət nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Sərginin açılışında Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova Silahlı Qüvvələr Gününün tarixindən, Azərbaycan Ordusunun xalqımıza əbədi Zəfər ruhu qazandırmasından danışıb.
Qeyd olunub ki, sərgidə ordumuzun qəhrəmanlığını, şanlı Zəfər qazanmasını, Qarabağımızın gözəlliklərini əks etdirən rəsm və fotolar yer alıb. Sərgi iyulun 9-dək davam edəcək.
Həmin gün axşam Heydər Əliyev Mərkəzinin həyətində meydanda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər və dirijor: Xəyal Qəhrəmanov) konserti olub.
Rəsmilərin çıxışından sonra
orkestrın ifasında “Koroğlu” operasından "Uvertüra" və “Təntənəli rəqs” səsləndirilib.
Sonra solistlər Rüstəm Cəfərov “Vətən nəğməsi”, “Evləri var xana-xana” xalq mahnısı, Zəminə Mustafayeva “Doğma diyar”, Bayram Üzeyirov “Çahargah rapsodiyası”, Samirə Hacıyeva “Ana torpaq” və “Qarabağ” mahnılarını ifa ediblər.
Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından rəqs nömrəsi ilə başa çatıb.
Bütün ifalar ağstafalı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.