Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburqda amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşi artıq Azərbaycandadır.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, mərhumların nəşi məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburq şəhərində OMON-un azərbaycanlıların yaşadığı evlərə keçirdiyi basqın zamanı Səfərov qardaşları güllələnərək qətlə yetirilib, bir neçə nəfər saxlanılıb. Öldürülən şəxslər tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin doğma qardaşlarıdır.
Baş verən hadisə Azərbaycan ictimaiyyətində və dövlət strukturlarında ciddi narahatlıq doğurub. Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də Yekaterinburqdakı qanlı olayla bağlı rəsmi bəyanat yayıb və Rusiya tərəfinin məsuliyyət daşıdığını bəyan edib.
Hadisəyə görə Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, ona rəsmi şəkildə kəskin etiraz bildirilib.
Qeyd edək ki, məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərov barəsində 22 sutkalıq, Şahid Lalayev və Əhliman Gənciyev barəsində isə 72 saatlıq həbs qətimkan tədbiri seçilib.