Bu gün Oxu.az xəbər saytının 12 yaşı tamam olur. 2013-cü ildən fəaliyyətə başlayan sayt ölkədə və dünyada baş verən ən aktual xəbərləri Azərbaycan, rus və türk dillərində fasiləsiz olaraq oxuculara çatdırır. Saytda oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir.
Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, Oxu.az-ın baş redaktoru Ülvi Səfərov 12 illik fəaliyyətləri ilə bağlı müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Ülvi bəy 12 yaşınızı təbrik edirik. 12 yaşlı Oxu.az-ın fəaliyyətini necə dəyərləndirirsiniz?
- Qısaca deməli olsam, 12 illik fəaliyyətimizi keşməkeşli adlandıraram. Çünki mediada olan adamın özünə vaxt ayırmaq və şəxsi həyat ilə bağlı ciddi şəkildə vaxt çatışmazllğı olur. Bizdə də həmçinin. Artıq 6 ildir ki, Oxu.az-dayam. 12 illik yolun tam yarısını bir yerdə qət etmişik. Bu müddət ərzində gecə-gündüz demədən çalışmışıq ki, həm Oxu.az olduğu birinci yerdə mövqeyini qoruya bilsin, həm də daha interaktiv və opetativ olaq, daha dəqiq məlumatları çatdıraq ki, oxucuların heç birində xəbərlə bağlı sual yaranmasın. O ki, qaldı son dövrlərə, artıq 2 ildir ki, redaksiyada baş redaktor kimi fəaliyyət göstərirəm və biz artıq 3-cü redaksiyamızı açdıq. Artıq həm Azərbaycan, həm Rus, həm də Türk dillərində fəaliyyət göstəririk.
- 6 illik fəaliyyətiniz dövründə ən böyük uğurunuz hansı olub?
- Şəxsi uğur desək, deyə bilərəm ki, Oxu.az-da səs operatoru olaraq fəaliyyətə başlamışam. Məni Oxu.az-a xəbərlərin səsləndirilməsi ilə bağlı dəvət etmişdilər. 4 illik səs operatoru fəaliyyətimdən sonra Oxu.az-ın baş redaktoru təyin olundum. İki ildir baş redaktor kimi fəaliyyət göstərirəm. Amma ümumi götürdükdə Oxu.az-ın ən böyük uğuru son bir il, il yarımda ümumi dizayn dəyişikliyi və İP-nin birdən-birə iki dəfədən çox artmasıdır. Bilirsiniz ki, xəbərlərin baxış sayı yazılı mediada bu çox vacib məqamdır. Bizdə də son il yarımda bu göstərici 250-300 min unikal IP həndəvərində dəyişir.
- Gələcək planlarınız nədir və yəni hansı layihələr nəzərdə tutursunuz?
- Gələcək layihələrdən ən birincisi sosial şəbəkə hesablarımızın aktivləşməsidir. Biz uzun müddət saytın ön planda olmasını hərəfləyirdik.
Amma artıq saytla paralel, həm də sosial şəbəkə hesablarımızın aktuallığını artırmaq istəyirik. Fikirləşirəm ki, bir il, il yarım vaxt bizə bəs edəcək ki, artıq sosial şəbəkədə də ən çox oxunan səhifələr olsun. Bundan sonrakı hədəfimiz qlobal mediyaya çıxmaqdır. Tək Azərbaycan daxilində yox, həm də qlobalda Oxu.az-ın oxunmasını hədəfləyirik.
- Sadaladığınız uğurları qazanmaq üçün nələrdən keçdiniz?
- Tam səmimi olmaq lazımdırsa, şəxs həyatı bir kənara qoyduq və məhz peşəkar karyera ilə məşğul olduq. Bu müddət ərzində demək olar ki, günə 15-16 saat ərzində dayamadan işlədik. Bəlkə də ilk baxışda bir az inandırıcı görsənməyəcək, amma faktiki olaraq həyatımın son 5-6 ili məhz bu intervalla keçib. Günə 15-16-17 saat işləmişəm.
- Sizə gələcək fəaliyyətinizdə uğurlar.
- Biz də xoş günümüzdə bizi unutmadığınıza görə sizə Təşəkkür edirik.