Cənab Prezident İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC regionların elektrik təsərrüfatının
yenilənməsi işlərini Ağdaş və Göyçay rayonlarında da davam etdirir.
Manset.az xəbər verir ki, Ağdaş şəhərində 0.4 və 10 kV-luq
dayaqlar yenilənir. 10 kV-luq müasir ÖİN-3 (Özünüdaşıyan İzolyasiyalı Naqil)
kabel hava xətti çəkilir. 6 yeni Komplekt Transformator Məntəqəsinin (KTM)
quraşdırılması da layihəyə daxildir. Eyni
zamanda rayonun Mürsəl kəndində 0.4 və 10 kV-luq şəbəkələrinin yenidən qurulması
işləri yekunlaşmaq üzrədir. Kənddə əlavə 2 yeni güc mərkəzi yaradılacaq. Aşağı
Zeynəddin və Yeniarx kəndlərində isə işlər başa çatıb. Adı çəkilən kəndlərdə
köhnə dayaqlar və elektrik xətləri yeniləri ilə əvəzlənib.
Göyçayda da 0.4 kV-luq elektrik
şəbəkəsi yenidən qurulur. 2-ci, 3-cü şəhər hava xətlərindən qidalanan küçə və
prospektlərdə metal dayaqlar
basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin sayğac qutuları yenilənir. Şəhər ərazisində 10 yeni güc mərkəzinin quraşdırılması da nəzərdə
tutulub.
Qeyd edək ki, “Azərişıq” ASC ölkənin bütün regionlarında,
o cümlədən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir.
Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin
olunması ilə yanaşı elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.