İstifadəyə yararsız elektrik batareyalarının düzgün
çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən həyata
keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam
etdirilir.
Layihə çərçivəsində bu dəfə ekokönüllülər tərəfindən
müxtəlif məntəqələrdən ümumilikdə 96 kq işlənmiş batareya toplanaraq “Tullantıları
İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. Toplama prosesində könüllülər Bakı şəhəri
19 nömrəli tam orta məktəb, “Araz” supermarketlər şəbəkəsinin Qutqaşınlı-2,
Neftçilər və 8-ci mikrorayon-2 filialları, “Bravo” supermarketlər şəbəkəsinin Gənclik
Mall filialı, eləcə də AccessBank-ın baş ofisi və digər məkanlarda fəal şəkildə iştirak ediblər.
Bu təşəbbüs ətraf mühitin qorunmasına xidmət etməklə
yanaşı, cəmiyyətə ekoloji məsuliyyət hissinin formalaşdırılması və dayanıqlı
yaşam vərdişlərinin təşviqi baxımından mühüm sosial çağırış xarakteri daşıyır.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu
2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb.
2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Fondun
fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək
olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.