Göyçay qəzasının Zərdab kəndində doğulan, həmin qəzadakı mədrəsədə ərəb və fars dillərində ilkin təhsil alan, atasının ölümündən sonra onun dayısı, general Fərəc bəy Ağayevin dəstəyi ilə I Tiflis məktəbinə qəbul olunan, məktəbi bitirdikdən sonra dövlət təqaüdü ilə Moskva Universitetində Təbiət elmləri üzrə təhsil alaraq fərqlənmə diplomu ilə bitirən Həsən bəy Zərdabinin “Əkinçi”ni yaratdığı vaxtdan 150 il keçir. Bunu demək yerinə düşər ki, bu tarix ancaq milli mətbuatımızın yaranması deyil, xalqımızın kultural həyatına yeni bir mərhələ kimi həkk olunan və minnətdarlıqla xatırlanacaq zaman kimi qalacaq.
“Əkinçi” ilə başlayan milli mətbuatımız sonradan radio, televiziya və hələlik internet platformalarında vətəndaş jurnalistikasısına qədər yol keçməkdədir. Bu inkişaf, qlobal məlumatların geniş miqyasda paylaşılması Yer kürəsini təsəvvüredilməz miqyasda “kiçilməsinə”, nəticə olaraq Marşall Makluhanın 70 il əvvəlki “qlobal kənd” arzusununun reallığa qovuşması oldu.
O, insanların bu faktla üzbəüz qalacağını, kommunikasiya və informasiyanın qloballaşmasını əminliklə yazırdı. Bu həmin kanadalı mədəniyyət nəzəriyyəçisi, filosof, filoloq və ədəbiyyatşünas Marşall Makluhandır ki, daha çox elektrik və elektron medianın fərdlərə və cəmiyyətlərə təsirini araşdırmaları ilə tanınan, məsələn, "bütün məsələlərdə fikir ayrılığını tamamilə təmin edən" "qlobal kənd" konsepsiyasının müəllifi idi. "Media mesajdır" ifadəsi də Marşall Makluhana məxsusdur və "qlobal kənd" termini qədər mütəxəssislər cameəsində populyar idi. Onu xatırlatmaq yerinə düşər ki, böyük nəzəriyyəçi Ümumdünya Şəbəkəsinin yaranmasını onun icad edilməsindən təxminən 30 il əvvəl proqnozlaşdırır və bunu şərtləndirən postulatlarında israrlı idi. Təsadüfi deyil ki, keçən əsrin 60-cı illərində aktuallığını itirən, 70-ci illərində unudulmağa başlayan, olsa-olsa, akademik dairələrdə mübahisəli bir fiqur olaraq qalan Makluhanın baxışları İnternet və Ümumdünya Şəbəkəsinin yaranması ilə aktuallaşdı. Yeri gəlmişkən, ötən əsrin 50-ci illərində “Televiziya müasir yüksək texnologiyanın şah əsəridir”- fikirləri də Makluhana məxsusdur.
Radio
ötürülməsinə əsaslanan, lent yazısı texnologiyası, fotoelektrik çevrilmə və
tranzistor texnologiyası, rəngli şəkil texnologiyası, peyk texnologiyası və rəqəmsal
texnologiya kimi ən yaxşı müasir texnologiyaları mənimsəyərək inkişaf edən
televiziya, sözsuz ki, bu gün də inkişaf yolundadır. Qloballaşmanın ən dərin təzahürü
KİV şəbəkələri kontekstində fərdlər və bütövlükdə dünya, xalqlar və ölkələr
arasında sıx münasibətlərin formalaşmasıdır. İnternet resurslarının sürətlə həyatımıza
daxil olmasına baxmayaraq, müasir televiziya zəmanəmizin ən qabaqcıl kütləvi
informasiya-mədəniyyət vasitəsinə çevrilmiş və bu istiqamətdə işini davam
etdirir. Müasir televiziya mediası hələ də zəngin, çoxşaxəli və çoxölçülü
kompleksi olmaqla kütləvi kommunikasiya vasitəsi və dəyər daşıyıcılarının ən
mühüm komponenti hesab olunur. O, nəinki bütün zamanların cəmiyyətlərlərində ən
etibarlı informasiya daşıyıcısı, həmçinin sosial durumun barometri kimi qəbul
edilir.
İnformasiya
istehsalı və onun istehlakıçıya çatdırılması ilə məşğul olan praktik insanlar,
sahənin menencerləri ilə bərabər, ekspertlərin internet platformalarının
hüdudsuz görünən potensialı qarşısında televiziyaların gələcək fəaliyyəti ilə
bağlı fikirlərini isə utopiya kimi qəbul etməmək olar. Azından ona görə ki,
televiziya məzmunu onlayn platformalar üçün uyğunlaşdırmaq, sosial mediada
auditoriya ilə əlaqə saxlamaq və eksklüziv onlayn layihələr təklif etmək, həmçinin
VR/AR kimi yeni texnologiyalara inteqrasiya olunmaqla onlayn mühitdə
aktuallığını saxlaya bilir. Qeyd edim ki, bu, bu məsələ müasir televiziya
menencerlərinin qarşısında təxminən, bu məzmunda sualı aktual etməlidir: sosial
medianın imkanlarına nə qədər bələdik və istehlakçı ilə münasibətləri “tələb-təklif”
pronsipi üzərində qurmağa hazırıqmı?
Bu mövzunun aktuallığı onunla
bağlıdır ki, internet dövründə sürətli, mobil, interaktiv və fərdiləşdirilmiş
yeni medianın sürətli inkişafı ənənəvi medianın inkişafına maneə deyil,
olsa-olsa, yeni yollar axtarışına çağırış kimi qəbul edilə bilər. Əsas rəqabət
qabiliyyətini artırmaq üçün ənənəvi media yeni media təfəkkürünü çevik şəkildə
tətbiq etməli və öz xəbər hesabatlarını sosial inkişafın cari tələblərinə uyğun
olaraq yeniləməli, beləliklə, həqiqiliyini və etibarlılığını təmin etməli,
televiziya xəbərlərinin aktuallığını davamlı olaraq təkmilləşdirməli, media
mesajı matrisinin əlaqə təsirini tam şəkildə təmin etməli və əsas medianın
ictimai rəydə aparıcı rolu əks olunmalıdır. Bu yazıda müasir mühitdə TV-nin nə
dərəcədə aktual olduğunu araşdırmamıza başlamazdan əvvəl onu xatırladaq ki, sürətlə
dəyişən media mənzərəsində Azərbaycan telekanalları rəqəmsal mühitə
assimilyasiya olunur. Bu isə o deməkdir ki, yayım proqramlarının xətti
proqramlaşdırılması “yaxın zamanlarda olduğu kimi”, bir o qədər də aktual
görünmür. O faktı isə hər bir televiziya menenceri etiraf etməyə borcludur ki,
informasiya istehlakçısının maraq dairəsini nə qədər öyrənə biliblər? Mübahisəsiz
qəbul edilən həqiqətlərdəndir ki, günümüzün statistik internet istifadəçisi
sutka ərzində saysız-hesabsız videolara baxır. İstehsalçıların təkcə YouTube
portalında hər dəqiqə 60 saat video yüklədiklərini və resursa ayda 1 milyard nəfərdən
artıq istifadəçinin - planetin hər 7-8-ci sakininin daxil olduğunu nəzərə
alsaq, ancaq bir platformanın nümunəsində qlobal internet bazarının gücünü görmək
olar. Buna görədir ki, milli televiziya kanallarımızın flaqmanı olan Azərbaycan
Televiziyası (AZTV) üçün yüksək keyfiyyətli məhsul istehsalının aktuallığının şərtləndirən
başlıca istiqamətlər bu cür görünür:
-
məzmunun hədəf qruplarına effektiv şəkildə çatdırılması üsulları;
-
potensial tamaşaçıların maraqları və həyat dəyərləri;
-
sosial şəbəkələrdə televiziya yayımı üçün marketinq imkanlarının sərhədləri;
-
İnternetdə sosial şəbəkələrdə televiziya yayımı və medianın bu seqmentinin
inkişafı ilə məşğul olan mütəxəssislər üçün elmi əsaslandırılmış tövsiyələr
formalaşdırmaq.
Onu
qeyd edək ki, AZTV-nin proqram siyasəti diqqət və anlayış tələb edən
sosial-siyasi əhəmiyyətli hadisələrin diqtəsi ilə formalaşır. Həmin məqsədə
çatmaq üçün televiziyanın texniki və funksional təkamülünü izləməklə sosial şəbəkələrdə
televiziya mediasının yaranmasına nəyin səbəb olduğunu və inkişaf
tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar arasında oxşarlıq və əsas
fərqləri müəyyənləşdirərək nəticələri perspektiv fəaliyyətimizdə tətbiq etmək,
mövcud yerli və xarici analoji seqmentlərdə monitorinqlərin aparılmasını
metodiki olaraq həyata keçirmək qaçılmazdır.
Məsələ
bundadır ki, tezlik üçün lisenziya əldə olunması artıq izləyicinin diqqətini cəlb
etməyə zəmanət vermir. Üstəlik, bazara getdikcə daha çox müasir kominikasiya
oyunçusu daxil olmaqdadır. Onlar klassik kanalların məzmununda dominantlığa
nail olmaq yolunu təşkil etdikləri masaüstü avadanlıqlar və cihazlarda, gözlənilməyən
sürətlə təkmilləşən mobil telefonlarda görürlər. Bu isə yeni dalğanın üstündə gələnlərə
öz iddialarını təsdiqləməklə bərabər, tamaşaçı ovunun müxtəlif cəlbedici
metodlarını mənimsəmək üçün kifayət edən mühüm psixoloji üstünlük yaradır.
“Yeni yollar axtarışında olanlar” isə nəinki
“kino” məzmununu qəbul etmirlər, üstəlik, fon görüntüləri ilə işləməyi öyrənməsələr
də, tamaşaçı üçün nə lazım olduğunu akademik formada əxz ediblər.
Telekanalların itkisi bununla kifayətlənmir və “itirilənlərin” ikincisi, bizə
elə gəlir ki, daha vacibdir: televiziya kanallarında sanki “izləyici xəzanı”
başlayıb, üstəlik kreativ yanaşmalar ləngisə, bu, daha uzunmüddətli nəticələrə
gətirib çıxaracaq.
Oxşar
mövzuda aktual olduğu qədər də intensiv səslənən fikirlərin platformalarına ev
sahibliyi edən ölkələrdən biri də vətənimiz Azərbaycandır və iki il əvvəl-
2023-cü il iyul ayının 22-də Şuşada Heydər Əliyev İli çərçivəsində Azərbaycan
Milli Mətbuatının 148-ci ildönümünə həsr edilən “IV Sənaye İnqilabı dövründə
yeni media” mövzusunda Şuşa Qlobal Forumu bu mövzu üzrə ən məhsuldar tədbirlərdən
biri kimi yadda qaldı. Diqqətli oxucular yaxşı xatırlayırlar ki, 48 ölkədən
150-yə yaxın jurnalistin, həmçinin yerli və beynəlxalq səviyyəli media təsisatı
nümayəndələrinin iştirak etdiyi Forumun açılış mərasimində iştirak etməklə bərabər,
iştirakçıların suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev bu məsələ ətrafındakı suala nə qədər konseptual, ölkə və dünya
media qurucuları üçün yol xəritəsi olacaq fikirlər səsləndirdi.
Sosial
təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində məzmunun aşağı səviyyədə
olmasından narahatlıq ifadə olunur, digərləri isə televiziyanın sosial şəbəkə
mediasından geri qalma riski barədə fikirləşirlər. Nəticədə neçə illərdir
qaçılmaz yeniliklərlə “əbədi funksionallıq qaynağı” olan klassiklər arasında
müasir televiziyanı inkişaf tendensiyaları ətrafındakı “Nə etməli?” sualı
aktual olaraq qalır. Həm kütləvi kommunikasiya tədqiqatçıları, həm də müasir
televiziya kanallarında çalışan praktiklər arasında mübahisə və müzakirələrə səbəb
olan bu sualın hər iki tərəfdən eşidilən cavabları nə qədər arqumentli səslənsə
də, yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan uzaq görünür.
Müasir
telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominantlıq
yayım şəbəkəsinin strukturlaşdırılmasında reytinq yanaşması siyasətində media
bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişilkliklərdən
yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır və bunun
bariz ifadəsinin necə baş verdiyini 2026-cı ildə yetmiş yaşını qeyd etməyə
hazırlaşan Azərbaycan Televiziyasının nümunəsində müşahidə edilir.
“Böyük
dövlət xadimlərinin fəaliyyət izi hər bir xalqın həyatının bütün sahələrində
özünü göstərir”- deyimini xatırlatmaqla onu qeyd etmək yerinə düşər ki, Ana
Televiziyamızın inkişafında yaddaqalan hadisələr Ümummilli Liderimiz Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. O vaxtkı Azərbaycanının
ictimai-siyasi və mədəni həyatında yeni texniki vasitə olaraq daxil olan Azərbaycan
Televiziyası təkcə Azərbaycan xalqını keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin
təbliği ilə məşğul olmur, həm də milli- mənəvi dəyərlərimizin, yetişən gəncliyin
şüurunda özünə yuva qurmasında başlıca missiyanı yerinə yetirirdi.
Azərbaycan
Televiziya və Radiosu keçdiyi yolda qazanılan zəngin təcrübəsi ilə yaratdığı,
milli dəyərlər, dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və
bu gün də ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər
özünün maddi-texniki bazasının zənginliyi, istərsə də uzun illərdən bəri
formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə AZTV
rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz
auditoriyasını qazanan, gizlətmədiyi iddiaları ilə inkişaf yolunda yeni
addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan quruma çevrilməkdədir.
Ölkəmizin Prezidenti cənab İlham Əliyevin hamiliyi ilə “Azərbaycan Televiziya və
Radio Verilişləri” QSC-nin bazasında 2009-cu il fevral ayının 1-də yaradılan
“İdman”, 2011-ci il fevral ayının 14-də təsis olunan “Mədəniyyət”
telekanallarının fəaliyyətinin, xüsusilə, son illərdə Azərbaycan
Televiziyasında aparılan islahatların nəticəsidir ki, onun efirində təqdim edilən,
müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramlar nəinki
tamaşaçıların maraqla qarşıladıqları, həmçinin etimad göstərdiyi verilişlərə
çevrilib. 1926-cı ildə yaradılan, Şərqin ilk radiosu olan Azərbaycan Radiosu və
1941-ci ildə yaranaraq məhsuldar yaradıcılıq yolu keçən Beynəlxalq Radio fasiləsiz
yayım rejimində işləməklə bərabər “YouTube” üzərindən də canlı
yayımlanmaqdadır. Bu sırada İctimai-siyasi proqramlar Studiyasının hazırladığı,
ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən aktual ictimai-siyasi
hadisələrin təhlil olunduğu “Həftə” ölkədə baş verən diqqətçəkən məsələlər üzərində
qurulan və aparıcıların qonaqlarla birlikdə baş verən hadisəni canlı olaraq
müzakirə olunduğu “Hədəf” və digərləri ancaq informativ deyil, həm də
maarifçilik yükü olan proqramlardandır. Hər gün 12 dəfə - 08:00, 09:00, 10:00,
12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00 (rus dilində), 19:00 (region),
20:00, 00:00, 02:00 (ingilis dilində) efirə çıxan “AZTV XƏBƏR” proqramının
ancaq ölkə daxilində deyil, həmçinin ölkə xaricində də stabil auditoriyası
olması informasiyanın operativ və peşəkarlıqla çatdırılması ilə izah oluna bilər.
Bunlarla
bərabər, “Bu gün qazanılan istənilən uğurlarla kifayətlənmək gələcək tənəzzülün
başlanğıcıdır”- deyimini yada salmaq lazım gəlir. O amili də unutmamaq gərəkdir
ki, az qala, bütün televiziya proseslərinin internetləşdiyi indiki dövrdə
televiziya və internet texnologiyalarının bir çox sahələrdə - həm televiziya məzmununun
yaradılması sahəsində, həm də tamaşaçıya çatdırılmasında bir-birinə nüfuz etməsi
üçün xüsusi şərait yaradılır. Təkcə televiziya tamaşasının yayım kanalı deyil,
həm də istehlakçının bu məzmunla münasibətinin forması dəyişir. Əslində
telekanalların yeni yayım paradiqması formalaşır. İnternet yayımı meydana
çıxır, yəni televiziya məzmununun yeni kommunikasiya prinsipləri
əsasında
internetdə onlayn çatdırılması prosesinin iştirakçısına çevrilirik. Azərbaycan
telekanallarının internet yayımının eksperimental mərhələdən keçməklə çox vacib
kütləvi informasiya vasitələri seqmenti kimi meydana çıxması buna görədir ki,
adi qarşılanır. Eyni zamanda, hər bir telekanal internet yayımının həyata
keçirilməsinin xüsusi səbəblərini görməklə yanaşı, onun inkişafı üçün bir çox
motivlər yaradır və bu missiyanı Azərbaycan Televiziyası uğurla aparır. Güman
etmək lazımdır ki, yaxın gələcəkdə genişzolaqlı internet texnologiyalarının
inkişafı qlobal şəbəkənin yayım keyfiyyəti ilə alternativ kanallar arasındakı sərhədləri
siləcək. Bu, şübhəsiz ki, televiziya yayımının yeni inkişaf səviyyəsinə gətirib
çıxaracaq və ona yeni perspektivlər verəcəkdir.
Media
diskursunun diqqətəlayiq mövzularından birinə çevrilmiş konvergensiya indi müxtəlif
kontekstlərdə - sənaye hadisəsi kimi, təşkilati və idarəetmə qərarlarının məcmusu
kimi, jurnalist fəaliyyətinin yeni xüsusiyyəti, yeni medianın yaranması üçün
ilkin şərt kimi nəzərdən keçirilir. Bu zaman interaktivlik (media ilə istifadəçilər
arasında birbaşa əlaqə, müəllif-istehlakçı ünsiyyət modelində rolun
inversiyası), hipermətn məzmunu (system tərəfindən birləşdirilən potensial
sonsuz mətnlər toplusundan ibarət mətn), multimedia və transsərhəd (media
redaksiyasının coğrafi yerindən asılı olmayaraq məlumatların yayılması, məhdudiyyətsiz
potensial auditoriya) faktorları başlıca amil kimi diqqəti cəlb edir. Onu isə təəssüflə
xatırladırıq ki, internet resurslarının başlıca hərəkətverici qüvvəsi olaraq qəbul
edilən sosial şəbəkələrdə televiziya yayımının spesifik xüsusiyyətləri hələ də
Azərbaycanda elmin tədqiqat obyektinə çevrilməyib. Təkəm-seyrək bu istiqamətdəki
yazılar ən yaxşı halda mövcud faktların təhlili ilə kifayətlənir, perspektiv
inkişaf yollarının elmi əsasları nadir hallarda qeyd edilir. Televiziya
mediasının sosial şəbəkələrdə aparıcı platformalara çevrilməsi üçün praktiki
tövsiyələrin hazırlanmasında teletənqidçilərimizin və bu yöndəki elm
adamlarımızın lokomotiv olaraq rolu ya hiss olunmur, ya da qabarıq görünmür. Bu
isə informasiya üstünlüklərinin öyrənilməsinə fəlsəfi yanaşmaların televiziya və
sosial şəbəkələrdə kortəbii yaranan tendensiyaların yer tutmasına gətirib
çıxarır.
Son olaraq qeyd edək ki, nə cür olmasından asılı olmayaraq, televiziyanın sosial şəbəkə seqmentlərində yeri və aktuallığı günümüzün əsas çağırışına çevrilib və bu amili günümüzün əsas amili kimi qəbul etməmək heç bir televiziya üçün yaxşı nəsə vəd etmir. Buna görədir ki, AZTV üçün sosial şəbəkələrdəki alqoritmin öyrənilməsi taktiki deyil, strateji mahiyyət daşıyır. Bizim üçün sosial şəbəkələrin siyasi, iqtisadi, sosioloji, kulturoloji-ümumən, elmi təhlili ondan ibarətdir ki, yaşadığımız informasiya reallığında seytnot vəziyyəti ilə üzbəüz qalmayaq və qeyd edək ki, bu, ən azı, gələcək fəaliyyətimiz üçün növbəti addımlarımızı atmaq üçün həyati əhəmiyyət daşıyır. Ona görədir ki, hər bir televiziya üçün sosial dünyanın inkişafı ilə bağlı vəziyyəti düzgün qiymətləndirməmək, sosial şəbəkə platformalarının müasir insanın həyatındakı rolunu qəbul etməmək, sadəcə olaraq, mövcud olmaq perspektivivini itirəcək qədər riskli davranışdır və AZTV öz fəaliyyətini bu gerçəkliyin diqtəsi əsasında qurur. Ana Televiziyada yaranan tendensiyalar diqqətlə izlənilir və mütəxəssislər əmindirlər ki, kanallar tamaşaçıların məzmunu istehlak etmək üçün daha əlverişli olduğu yerə sürükləyəcəklər. Gənclərin “Youtube”a olan həvəs dalğası səngiməyəcək, buna ümid bəsləməyin mənası yoxdur və telekanalların ancaq internetlə birlikdə mövcudluğu indinin və gələcəyin diqtəsidir.
Elməddin Quliyev,
“Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC-nin şöbə rəisi.