AHİK istirahət mərkəzlərinə mediatur təşkil etdi - FOTOLAR

16:43 - 21 İyul 2025

AHİK istirahət mərkəzlərinə mediatur təşkil etdi - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi ilə əlaqədar Xaçmaz, Quba və Qusar rayonlarında yerləşən istirahət mərkəzlərinə mediatur təşkil olunub.


Manset.az xəbər verir ki, mediaturun ilk dayanacağı AHİK-in üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Ülfət” istirahət mərkəzi olub. Bildirilib ki, mərkəzdə 7 kottec, 3 ikimərtəbəli və 1 birmərtəbəli korpus mövcuddur. Eyni vaxtda 125 nəfərin istirahəti üçün hər cür şərait yaradılıb. Müasir tələblərə cavab verən otaqlar TV, dayanıqlı internetlə təchiz olunub. İstirahət məkanında böyüklər və uşaqlar üçün hovuzlar, uşaq əyləncə mərkəzi, tennis kortu və voleybol meydançası fəaliyyət göstərir. Geniş yaşıllıq sahəsi və müasir infrastruktur ilə seçilən mərkəz ailəvi istirahət üçün olduqca əlverişlidir. Jurnalistlər istirahət edən ailələrlə görüşərək onların təəssüratlarını dinləyib, xidmət səviyyəsi ilə tanış olublar.

Sonra jurnalistlər AHİK-in üzv təşkilatı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin “Lokomotiv” istirahət mərkəzinə gəliblər. Məlumat verilib ki, mərkəz 6 korpus və 6 kottecdən ibarət olmaqla 216 yerlikdir. Burada yeməkxana, idman zalları, minifutbol stadionu, tibb məntəqəsi, hovuzlar və uşaq əyləncə guşələri var. Media nümayəndələri həmkarlar ittifaqı üzvlərinin istirahət şəraiti ilə maraqlanıblar.

Jurnalistlər AHİK-in üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təhsil” istirahət mərkəzində də olublar. Məlumat verilib ki, 10 hektardan çox ərazini əhatə edən mərkəzdə 3 üçmərtəbəli yataq korpusu, 50-yə yaxın kottec, idman meydançaları, konfrans zalı, hovuzlar və 400 nəfərlik yeməkxana fəaliyyət göstərir.

Mediaturun növbəti ünvanı Qusar rayonunda yerləşən AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Şəfa” istirahət mərkəzi olub. Burada üçmərtəbəli yataq korpusu, konfrans və fitnes zalı, uşaq və idman meydançaları, tibb xidməti, müasir kommunikasiya sistemləri və rahat yaşayış otaqları mövcuddur.

Mediatur iştirakçıları Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Quba rayonunda yerləşən “Nazlı Bulaq” istirahət mərkəzində yaradılmış şəraitlə də tanış olublar. Bildirilib ki, mərkəzdə kotteclər və otel nömrələri, uşaq əyləncə zonaları, internet, çamaşırxana və digər xidmətlərlə təmin olunub. Təbii bulaq sularının sağlamlığa faydalı xüsusiyyətləri ilə də seçilən mərkəz həmkarlar ittifaqı üzvlərinin sevimli istirahət məkanlarındandır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az