Naxçıvan Muxtar Respublikasında iqlim dəyişikliklərinin təsiri fonunda su ehtiyatlarından səmərəli istifadənin təşviqi məqsədilə fermerlərə müasir suvarma avadanlıqları güzəştli şərtlərlə təqdim olunacaq.
Manset.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Rafail Quliyev fermerlərlə
keçirilən görüşdə məlumat verib.
Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən çiləmə və damlama üsulu ilə suvarma sistemlərinin tətbiqini
stimullaşdırmaq məqsədilə müasir suvarma avadanlıqlarının satın alınaraq muxtar
respublikaya gətirilməsi və həmin avadanlıqların güzəştli şərtlərlə fermerlərə
satışı üzrə təkliflər hazırlanır. Layihənin yaxın müddətdə icrasına başlanacaq
və bu istiqamətdə maarifləndirici tədbirlər də həyata keçirilir.
Rafail Quliyev çıxışında qeyd edib ki, son illərdə
iqlim dəyişikliklərinin təsiri ilə bölgədə su ehtiyatlarında azalma müşahidə
olunur. Bu isə kənd təsərrüfatında suya qənaət edən müasir texnologiyaların
tətbiqini qaçılmaz edir. “Ənənəvi suvarma üsulları ilə su itkisi kifayət qədər
yüksəkdir. Damlama və çiləmə sistemləri həm suya qənaət etməyə, həm də
məhsuldarlığı artırmağa imkan verir,” – deyə nazir vurğulayıb.
Nazir əlavə edib ki, müasir suvarma sistemlərinin
geniş tətbiqi yalnız su resurslarına qənaət deyil, həm də fermerlərin istehsal
xərclərinin azalması, torpaq sahələrinin daha səmərəli istifadəsi və ümumilikdə
kənd təsərrüfatında dayanıqlı inkişaf üçün mühüm rol oynayacaq.
Görüşdə, həmçinin, muxtar respublikada aqrar sahədə
mövcud vəziyyət, problemlər və onların həlli yolları, qarşıda duran əsas
hədəflər ətrafında müzakirələr aparılıb. Fermerlər torpaqların suvarılması,
kənd təsərrüfatı texnikası ilə təminat, aqrotexniki xidmətlərin təşkili,
subsidiya ödənişləri, gübrə və pestisidlərin əlçatanlığı kimi məsələlərlə bağlı
üzləşdikləri çətinlikləri səsləndiriblər.
Nazir Rafail Quliyev qaldırılan məsələlərin
operativ şəkildə araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq
tapşırıqlar verib.