"Nərimanov rayonu ərazisində, Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında 161 qeyri-qanuni tikilmiş ev mövcuddur. Ümumilikdə 156 ailə, yəni 543 nəfər burada yaşayır. Araşdırmalar göstərir ki, bu şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Həmçinin 54 ailənin başqa ünvanlarda da evləri var, 11 nəfər isə burada olan evini kirayəyə verib".
Manset.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O bildirib ki, evlər sənədsiz və qeyri-qanuni tikilib:
"Evlər dəmir yolunun mühafizə zolağında yerləşir ki, bu, bir tərəfdən dəmir yolu nəqliyyatının fəaliyyətinə ciddi problemlər yaradır, digər tərəfdən isə həmin sakinlərin həyatı üçün təhlükə təşkil edir.
Son üç ildə dəmir yolunun mühafizə zolağında çoxsaylı bədbəxt hadisələr baş verib. 30-dan artıq şəxs həyatını itirib və ya ağır xəsarət alıb. Yanğınsöndürən və təcili tibbi yardım maşınları həmin əraziyə daxil ola bilmir.
Kommunal xidmətlər aşağı səviyyədədir, müvafiq infrastrukturun təşkili mümkün deyil. Nəticədə ərazidə antisanitariya mühiti yaranıb. Bu vəziyyət şəhərin ümumi görünüşünə də mənfi təsir göstərir".