“Uşaqların 1-5 yaş arası ən fəal inkişaf edən dövrüdür. Bunu nəzərə alaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bir sıra tədbirlər görülür”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir, əhalinin sıx məskunlaşdığı ərazilərdə alternativ modellər tətbiq edilir: “2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın başlandığı 18 iyul tarixindən indiyədək 32 min 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərə SMS göndərilib”.
İ.Rəsulova bildirib ki, bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir: “Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik ikisaatlıq təlimlərə cəlb olunub”.
Şöbə müdiri əlavə edib ki, 2018-ci ildən tətbiq olunan bu model qadınların məşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqların məktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir. 2025/26-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir.
İlahə Rəsulovanın sözlərinə görə, özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində 2-si regionda olmaqla, ümumilikdə 24 özəl bağça qrant layihəsinə qoşulub və 1300 uşaq bu xidmətdən yararlanıb. Layihə üzrə dövlət hər bir uşaq üçün aylıq 250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissəsi isə valideyn tərəfindən ödənilir: “Bu model özəl sektorun məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsindəki rolunu artırır.
Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir. Növbəsi olmayan və boş qruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır”.
Şöbə müdiri qeyd edib ki, bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır: “Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır”.
O vurğulayıb ki, 2022 və 2023-cü illərdə tərbiyəçi müəllim vakansiyası üzrə 850 nəfər işə qəbul edilib.
İ.Rəsulovanın sözlərinə görə, bu il ilk dəfə olaraq bağçalarda metodist vəzifəsi üçün müsahibə təşkil edilib, 23 nəfər uğur qazanıb: “2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub. Növbəti müsabiqənin 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır və sənədqəbulu 29 iyul-4 avqust tarixlərində aparılacaq. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur”.
Şöbə müdiri qeyd edib ki, müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir: “İndiyə qədər iki dəfə məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi üzrə müsabiqə keçirilib və nəticədə 81 nəfər uğur qazanıb. Üçüncü müsabiqənin müsahibə mərhələsi artıq başa çatıb və yaxın günlərdə nəticələrin açıqlanması gözlənilir. Hazırda müdirvəzifəsi üzrə 340 yer vakantdır. Yeni təyin olunan müdirlər üçün 2 günlük adaptasiya proqramı təşkil edilir. Proqram çərçivəsində liderlik, sənədlərlə iş, məzmun, kommunikasiya və digərmühüm sahələr üzrə seminarlar keçirilir”.