Qarabağ zonası və ona yaxın
ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin
azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Qarabağ suvarma kanalının
yenidən qurulması ilə bağlı tədbirlər haqqında» 15 aprel 2024-cü il tarixli 85
nömrəli Sərəncam imzalanmışdır.
Manset.az xəbər verir ki, sərəncamla Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyinə Qarabağ suvarma kanalının yenidən qurulması üzrə
texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə
bağlı müvafiq tədbirlərin görülməsi, mərkəzi icra hakimiyyəti orqanlarına və
icra hakimiyyətlərinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına
(qurumlarına) isə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin
hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin
görülməsi tapşırılmışdır.
Sərəncamdan irəli gələn məsələlərin
icrasını vaxtında təmin etmək, eləcə də layihə işlərinin həyata keçirilməsini
sürətləndirmək və görüləcək işlərin aidiyyəti qurumlarla birgə əlaqələndirilmiş
şəkildə aparılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən
yaradılmış İşçi qrupunun 01.08.2025-ci il tarixində iclası keçirilmişdir.
İclası İşçi
qrupun rəhbəri Rafiq Aslanov açaraq, 1958-ci ildə istismara
verilmiş, uzunluğu 172,4 km, normal su sərfi
113 m³/san olan Qarabağ suvarma kanalının mövcud vəziyyəti və onun yenidən
qurulmasının xüsusi əhəmiyyətlərindən danışdı. O çıxışında, başlanğıcını Mingəçevir
su anbarından götürən Qarabağ suvarma kanalının 1 şəhər və 8 rayonun (Mingəçevir
şəhəri, Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli
rayonları) 115 min hektara yaxın əkin sahələrinin suvarma, yaşayış məntəqələrinin
isə içməli və məişət suları ilə təmin olunmasına xidmət etdiyi ilə yanaşı, yay
aylarında Araz çayındakı su çatışmazlığının aradan qaldırması məqsədilə Qarabağ
kanalı vasitəsilə 25-30 m³/san suyun Bəhramtəpə hidroqovşağına ötürüldüyünü,
bununla da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının da əkin
sahələrinin su təminatının yaxşılaşdırılmasının təmin olunduğunu bildirdi. Eyni
zamanda, o qeyd etdi ki, kanalın suyundan İstilik Elektrik Stansiyasının
aqreqatlarının soyudulması məqsədi ilə də istifadə edilir. İclas
iştirakçılarının diqqətinə çatdırıldı ki, 1955-ci ildə kanalın bugün xidmət
etdiyi ərazilərdə qrunt suyunun dərinliyinin 10-15 metr olmuşdur, lakin torpaq
məcralı Qarabağ kanalı tikilərək istismara verildikdən sonra kanaldan sızan
sular hesabına həmin ərazilərdə qrunt suyunun yatım dərinliyi 1-1,5 m qədər yer
səthinə qədər qalxmış, bu da ərazilərin şorlaşmasına və kənd təsərrüfatı sahəsində
məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Bunun qarşısını almaq üçün
sonrakı dövrlərdə həmin ərazilərin qrunt sularının yatım dərinliyinin aşağı salınması
və təkrar şorlaşmasının qarşısının alınması məqsədi ilə kollektor-drenaj şəbəkəsnin
tikildiyi bildirildi.
Daha sonra, Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyininin Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi
İnstitutu tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi ilə
bağlı nəzərdən keçirilən alternativlərin təqdimatı keçirilərək, layihənin
texniki-iqtisadi göstəriciləri haqqında iclas iştirakçılarına ətraflı məlumat
verildi.
Təqdimatdan sonra iclas
iştirakçılarının sualları cavablandırılaraq, rəy və təklifləri dinlənildi.
İclasın sonunda, iştirakçlılar
tərəfindən səsləndirlən rəy və təkliflər nəzərə alınmaqla, Qarabağ suvarma
kanalının texniki-iqtisadi əsaslandırmasının daha dolğun işlənməsi qərara
alındı.