"Slime" - slaym oyuncaqları son bir neçə ildir ki, uşaqlar arasında çox populyardır, lakin onların bəzi təhlükəli tərəfləri var. Bir çox valideyn bu təhlükədən xəbərsizdir. Bu səbəbdən də belə oyuncaqların hələ də alıcıları var.
Manset.az Baku.ws-ə istinadən slaym oyuncaqlarının bilmədiyimiz təhlükələrini təqdim edir:
Boraks və ya Bor turşusu zəhərlənməsi
Ən çox təhlükə evdə hazırlanan slamlarda rast gəlinir. Boraks (və ya natrium borat) slaymın elastik və yapışqan olmasını təmin edən maddədir. Boraks dəridə, ağızda və ya gözlə təması qıcıqlanma, allergik reaksiyalar və hətta zəhərlənməyə səbəb ola bilər. Uşaqlar slaymı oynayarkən əllərini ağızlarına apararlarsa, bu maddə bədənə daxil ola bilər. Mədə-bağırsaq ağrısı, qusma, baş gicəllənməsi, dərinin soyulması və quruluğu kimi Toksik təsirlər yarada bilər.
Formalin və digər kimyəvi qatqılar
Bəzi sənaye istehsalı slaymlarda formalin, ftalatlar, boya maddələri və digər zərərli kimyəvi maddələr ola bilər. Formalin (formaldehid) kanserogen təsirə malikdir. Ftalatlar hormon sisteminə təsir edə bilər, xüsusən uşaq inkişafına zərər verir.
Bakteriya və küf riski
Slaym uzun müddət saxlanıldıqda və ya gigiyenik olmayan şəraitdə istifadə edildikdə: küf, bakteriyalar və göbələklər yarana bilər. Bu mikroorqanizmlər uşaqların dəriyə, gözə və ya nəfəs yollarına keçərək infeksiyalara səbəb ola bilər.
Boğulma və ya udma riski (xüsusilə azyaşlılar üçün)
Slaym udula bilən bir maddə olduğundan, xüsusən 3 yaşdan kiçik uşaqlar üçün təhlükəlidir. Boğulma riski, bağırsaq tıxanması və ya zəhərlənməsinə səbəb ola bilər.
Əl dərisinə və dırnaqlara zərərdir .
Uzun müddət slayma toxunmaq əllərdə quruluq, çatlama, qızartı və egzema kimi problemlərə səbəb ola bilər. Uşaqda artıq həssaslıq varsa, dəri reaksiyaları güclənə bilər.
Təhlükədən qorunmağın yolları aşağıdakılardır:
1. Tərkibini yoxlayın – Slaym alarkən etiketdə boraks, formalin, ftalat olub-olmadığını yoxlayın.
2. Uşağa əllərini yumağı öyrədin – Oynadıqdan sonra mütləq əllər yuyulmalıdır.
3. 3 yaşdan kiçik uşaqlara verməyin.
4. Slaymı tez-tez yeniləyin və saxlanma şəraitinə diqqət edin (qapaqlı qabda, sərin yerdə saxlayın).