Metroda doğulan uşağa bu ad veriləcək

16:30 - 08 Avqust 2025

Metroda doğulan uşağa bu ad veriləcək

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.


Manset.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.

O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: “Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.

Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.

***

13:09

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. 


Manset.az-a bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd olunub ki, tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.

"Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır. 

Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.  

Məlumat üçün bildirək ki, bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb". 

Qurumdan o da qeyd olunub ki, dərhal hadisə yerinə briqada cəlb olunub:

"Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. 

Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az