İnnovasiya və sürət
lideri “Bakcell” Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin
təşkilatçılığı ilə keçirilən “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır.
AGP Azərbaycan tərəfindən 8–12 avqust tarixlərində təşkil edilən “Milli Seçim
Konfransı” Azərbaycanın müxtəlif bölgələrindən və
Avropa ölkələrindən olan fəal gəncləri
bir araya gətirir. İştirakçılar tədbirlərdə və debatlarda rəqəmsal dövrün
aktual mövzuları üzrə fikir mübadiləsi aparır və beynəlxalq sessiyalarda ölkəni
təmsil etmək şansı qazanırlar.
Tədbirin açılış mərasimində “Bakcell”in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar
üzrə direktoru Aysel Süleymanova gəncləri salamlayaraq bildirib ki, rəqəmsallaşmanın
sürətlə yayıldığı bir dövrdə innovasiyalar bir sıra fəaliyyət istiqamətlərində
inkişaf imkanları yaradır. O, innovasiya mövzusuna əsaslanan bu cür görüşlərin
gənclərin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə “Bakcell”in məhsul üzrə eksperti Rüfət Quliyevin təqdimatında “Süni
intellekt və innovasiya” mövzusunda interaktiv sessiya keçirilib. Təlimin əsas
məqsədi gənclərin rəqəmsal savadlılığını artırmaq, onları texnologiya və süni
intellektdə ən son trendlərlə tanış etmək, həmçinin bu sahələrin gələcək
imkanlarına dair düşüncələrinin formalaşdırılmasına dəstək olmaqdır. Sessiya
zamanı innovasiyaların gündəlik həyata təsiri müzakirə olunub, iştirakçılar
interaktiv tapşırıqlar vasitəsilə yaradıcı və innovativ ideyalarını nümayiş
etdirmək imkanı əldə ediblər.
“Bakcell” bu təşəbbüslə korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq
strategiyasını davamlı olaraq icra edir və cəmiyyətin dayanıqlı gələcəyinə öz
töhfəsini verir. Şirkət gənclərin bilik və bacarıqlarının artırılmasına,
innovativ düşüncə və liderlik potensialının təkmilləşdirilməsinə yönəlmiş
sosial layihələri daim prioritet hesab edir.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.