Ümumdünya Əl Yuma Günü münasibətilə mütəxəssislər əllərin düzgün yuyulmasının sağlamlığın qorunmasında əsas rol oynadığını bildiriblər.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Yoluxucu Xəstəliklər Mütəxəssisi Prof. Dr. Yasemin Çağ bildirib ki, əllər təmiz görünsə belə üzərində bakteriya, virus, göbələk və parazitlər ola bilər.
Mütəxəssis qeyd edib ki, infeksiyaların yayılmasının qarşısını almağın ən təsirli yollarından biri düzgün əl gigiyenasıdır:
"Əlləri effektiv şəkildə yumaq üçün onları su ilə islatmaq, sabun əlavə etmək, barmaqların arasını, baş barmağı və dırnaqların altını ən az 20 saniyə təmizləmək lazımdır. Bərk və ya maye sabun olmasının fərq yoxdur. Əl yuma imkanı olmadıqda spirt əsaslı dezinfeksiyaedici vasitələr və ya yaş salfetlər müəyyən dərəcədə qoruyucu təsir göstərə bilər. Xüsusilə ictimai nəqliyyatdan istifadə edənlər, lift düymələrinə və qapı tutacaqlarına toxunanlar əllərini mütəmadi təmizləməlidirlər".