“Bu gün Azərbaycanın baş prokuroru Kamran Əliyevlə görüşdüm. Görüş zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin mənim 2013-cü ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qurama ittihamla həbs olunmağım və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmağımla bağlı verdiyi qərar haqqında danışdım”.
Manset.az Yeni Sabah-a istinadən xəbər verir ki, bunu baş redaktor Pərviz Həşimli deyib.
Baş redaktorun sözlərinə görə, Kamran Əliyev qəbul olunmuş qərar haqqında detallı bilgi verib: “Cənab Baş Prokuror məni dəqqətlə dinlədi. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından xəbərdar olduğunu dedi.
Mən ondan xahiş etdim ki, ortada üzə çıxan yeni halları nəzərə alıb Ali Məhkəmə Plenumuna kassasiya protesti versin. Yeni hallar deyərkən, söhbət həm də MTN-nin həbs etdiyi sabiq nazir Nicat Quliyevin şərləndiyi tapança ilə mənim şərləndiyim silahların eyni qutuya məxsus olması, eyni sifarişlə istehsal olunması, eyni şirkətə satılması barədə zavodun verdiyi sənədlərdə əks olunanlardır. Hər ikimizi ayrı-ayrı dövrlərdə MTN həbs edib, amma silahlar eyni qutuya məxsus silahlar olub. Həmçinin, xahişimdə o zaman həbsimə təqdimatı verən və sonradan ittiham atkını imzalayan Rüstəm Usubovun məsuliyyət məsələsini də qaldırdım”.