ADU rektoru beynəlxalq layihəyə seçilən tələbələrlə görüşdü - FOTOLAR

17:45 - 24 Oktyabr 2025

ADU rektoru beynəlxalq layihəyə seçilən tələbələrlə görüşdü - FOTOLAR

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Tbilisidə keçiriləcək beynəlxalq payız düşərgəsində iştirak hüququ qazanan tələbələrlə görüş keçirib.


Manset.az-ın məlumatına görə, rektor tələbələri təbrik edərək qeyd edib ki, ADU-nun tələbələrinin beynəlxalq layihələrdə fəal iştirakı universitetin beynəlxalq əməkdaşlıq strategiyasının və alman dili tədrisinin yüksək səviyyəsinin göstəricisidir. O, tələbələrə uğurlar arzulayıb və onları Azərbaycan gəncliyini layiqincə təmsil etməyə çağırıb.

Görüş Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə keçiriləcək “Cənubi Qafqazda körpülər qurmaq: Dialoq və görüşlər” adlı beynəlxalq payız düşərgəsi münasibətilə təşkil olunub.

31 oktyabr – 10 noyabr 2025-ci il tarixlərində Tbilisidə baş tutacaq proqram alman dilində ən azı B1 səviyyəsində biliklərə malik Cənubi Qafqaz regionundan olan tələbələr üçün nəzərdə tutulub. Azərbaycan üçün ayrılmış 7 yerin 4-nü ADU tələbələri qazanıblar.

Tədbirdə Alman Akademik Mübadilə Xidmətinin nümayəndəsi xanım Lisa Brandt və Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Qahirə Axundova da iştirak ediblər.

Lisa Brandt ADU tələbələrinin uğurunu yüksək qiymətləndirib, universitetlə uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Qahirə Axundova isə tələbələrin seçim mərhələsində göstərdiyi fəallığı və motivasiyanı qeyd edərək, bu cür layihələrin dil və mədəni ünsiyyət bacarıqlarının inkişafında mühüm rol oynadığını bildirib.

Sonda tələbələr düşərgəyə hazırlıq prosesi, gözləntiləri və əldə edəcəkləri təcrübələrin gələcək təhsillərinə verəcəyi töhfələr barədə fikirlərini bölüşüblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az