2025-ci ilin 25 oktyabr tarixində Azərbaycan Arbitraj Assosiasiyası və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Arbitraj Günləri 2025” çərçivəsində beynəlxalq konfransın ikinci günü keçirilib.
Konfrans beynəlxalq arbitraj sahəsində mühüm yeniliklərin müzakirəsinə həsr edilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırovun birinci və ikinci gün iştirak etdiyi tədbirlərə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmiləri qatılıb. Eyni zamanda mərasimdə Vəkillər Kollegiyasının çoxsaylı üzvləri, habelə Kollegiyanın Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova və Komitə üzvləri fəal iştirak ediblər.
Beynəlxalq konfransın ilk günündə Azərbaycan Arbitraj Assosiasiyasının və Bakı Arbitraj Mərkəzinin sədri Kəmalə Mehdiyeva, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel çıxış ediblər.
Konfransın ikinci günündə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, müasir iqtisadiyyatın və qlobal ticarətin inkişafı məhkəmə sisteminin çevikliyindən və mübahisələrin alternativ həlli mexanizmlərinin səmərəliliyindən birbaşa asılıdır.
Sədr mübahisələrin həlli üçün alternativ yollar arasında məhz arbitrajın xüsusi rola və paya malik olduğunu, onun investorlara yaranacaq mübahisələrini öz seçimlərinə əsasən, istədikləri ölkədə, istədikləri qaydalara uyğun olaraq birdəfəlik həll etmək imkanı verdiyini söyləyib.
Arbitrajla bağlı mütərəqqi hüquqi çərçivənin yaradılması və inkişafına toxunan Anar Bağırov qeyd edib ki, arbitraj institutunun inkişaf etdirmək istəyən hər bir dövlət əvvəlcə daxili qanunvericiliyini, xüsusilə arbitraj və investisiya qanunvericiliyini formalaşdırır, əlavə olaraq da konvensiyalar və digər beynəlxalq alətlər vasitəsilə onun tanınmasını təmin edir.
Sədr son illərdə arbitraj sahəsi ilə bağlı Vəkillər Kollegiyası tərəfindən bir sıra mühüm işlər görüldüyünü, Kollegiyanın nəzdində biznes sahəsində ixtisaslaşan vəkilləri özündə birləşdirən Biznes Hüququ Komitəsi təsis edildiyni dilə gətirib.
Anar Bağırov nəzərə çatdırıb ki, Vəkillər Kollegiyasının təşkilatçılığı ilə arbitraj və alternativ mübahisə həlli üzrə bir sıra təlimlər, seminarlar və beynəlxalq əməkdaşlıq layihələri həyata keçirilir. Kollegiya Azərbaycan vəkillərinin regional və beynəlxalq arbitraj mübahisələrinin həllində peşəkar tərəfdaş kimi tanınması, ölkəmizin biznes mühitinin daha da inkişafı üçün başda Bakı Arbitraj Mərkəzi olmaqla yerli və beynəlxalq arbitraj mərkəzləri ilə əməkdaşlığı genişləndirməyə, vəkillərin beynəlxalq arbitraj proseslərində təmsilçilik imkanlarını artırmağa xüsusi əhəmiyyət verir.
Tədbir daha sonra konkret mövzular üzrə panel müzakirələrlə davam etdirilib.