Qarabağ suvarma kanalının
yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin
hazırlanması üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri
Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti
iclası keçirilib.
Suların İstifadəsinə
və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Manset.az-a verilən məlumata əsasən, iclasda çıxış
edən İşçi qrupun rəhbəri Rafiq Aslanov Qarabağ suvarma kanalının normal su sərfinin
113 m³/san-dən 135 m³/san-dək artırılması, eləcə də torpaq məcralı kanalın
beton üzlükdə yenidən qurulması ilə təqribən 300 milyon m³ su itkinin
azaldılması hesabına suvarılan əkin sahəsini 115 min hektardan 166 min hektara
qədər artırılacağını, eyni zamanda, kanalın 106-cı km-dən sonra trassasının dəyişdirilməsi
ilə Beyləqan və Ağcabədi rayonlarının Yeni Xanqızı kanalından suvarılan təxminən
20 min hektar ərazilərinin də su təminatının yaxşılaşdırılmasına öz töhvəsini
verəcəyini bildirib.
Daha sonra,
ADSEA tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və
TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış Qarabağ
suvarma kanalının yenidən qurulmasının TİƏ və layihə sənədlərinin cari vəziyyəti
barəsində təqdimatı keçirilib.
Təqdimatda layihənin
hazırkı vəziyyəti və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində İşçi
qrupunun üzvlərinə ətraflı məlumat verilib.
İclas zamanı, həmçinin,
işçi qrupunda təmsil olan müvafiq mərkəzi icra hakimikyyəti orqanların, eləcə də
kanalın keçdiyi inzibati ərazilərin şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri
layihənin vaxtında və peşəkar formada hazırlandığını bildirərək, fikir və təkliflərini
səsləndiriliblər.
Sonda işçi
qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin
hazırlanması 2026-cı ilin birinci yarısında tamamlanacaq. Layihənin icrasına və
tikinti işlərinə başlanılması nəticəsində kanalın xidmət göstərdiyi ərazilərdə
su təminatının yaxşılaşdırılması ilə yanaşı, ətraf ərazilərin ekoloji və
meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcək.
Qeyd edək ki,
Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi Azərbaycan Respublikasının
Prezidenti tərəfindən imzalanmış “Qarabağ suvarma kanalının yenidən qurulması
ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli, 85 nömrəli Sərəncam əsasında
həyata keçirilir.