Bakıda elektronika mağazasından külli miqdarda oğurluq edilib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən “Elit Optimal” mağazasında qeydə alınıb.
33 yaşlı Ələddin Qafarov (ad və soyad şərtidir) mağazanın qapısını ayağı ilə vurub sındıraraq, içəridən ümumi dəyəri 21 min manatdan çox olan 8 ədəd “iPhone 15 PLUS”, “iPhone 16”, “iPhone 16 Pro” markalı telefonları oğurlayıb.
Bu əməlinə görə, onun barəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Xırdalan şəhəri Quşçuluq massivində ailəsi ilə kirayədə yaşayır:
“İki azyaşlı övladım var. Həbsxanadan 1 il əvvəl çıxmışam. Oğurluq etmək üçün “Əhmədli” metrostansiyası ərazisinə gəldim. Piyada gəzə-gəzə oğurluq üçün obyekt axtarırdım. “Elit Optimal” mağazasını görüb oranı qarət etməyi düşündüm. Bunun üçün gecə saat 3 radələrində manatlıq taksi ilə yenidən Əhmədliyə gəldim. Tanınmamaq üçün aptekdən tibbi maska və əlcək aldım. Əvvəlcə daş ilə qapıya vurub açmaq istədim. Bu alınmayanda təpiklə qapıya vurub bir tayını sındırdım. Dərhal həyəcan siqnalı işə düşdü. Mobil telefonlar qapıya yaxın olduğundan tələsik telefonları götürüb qaçdım. 8 telefon götürmüşdüm, onları qaça-qaça torbaya yığırdım. Sən demə bu zaman 3-ü yerə düşüb. “Bolt” taksi xidmətindən sifariş verərək Yasamala getdim. Burada həmin maskanı və əlcəkləri tulladım. Sonra manatlıq taksi ilə evimə yola düşdüm. Bir neçə saat sonra polislər evimə gəlib məni Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə apardılar. Əməlimdən peşmanam, himayəmdə azyaşlı övladlarım olduğu üçün yüngül cəza verilməsini xahiş edirəm”.
Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən iclasda Ələddin Qafarov barəsində 2 il 6 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.