ATƏT-in komitə sədri bəyanat yaydı

21:21 - 29 Oktyabr 2025

ATƏT-in komitə sədri bəyanat yaydı

ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin sədri Azay Quliyev bu gün ATƏT iştirakçı dövlətlərini artan çağırışlar fonunda dayanıqlılığın gücləndirilməsi istiqamətində səyləri artırmağa çağırıb.


Manset.az xəbər verir ki, bu barədə ATƏT PA-nın bu gün yaydığı rəsmi məlumatda deyilir.

Vyanada keçirilən ATƏT-in 2025-ci il Ətraf Mühit və İqtisadiyyat Ölçüsü üzrə İcra Görülməsi Yığıncağının bağlanış sessiyasında çıxış edən Azay Quliyev vurğulayıb ki, dayanıqlılıq yalnız bərpadan ibarət deyil – bu, həm də qabaqlama, hazırlıq və yaxşı idarəetmə deməkdir.

A.Quliyev iqlim böhranını getdikcə artan təhlükəsizlik təhdidi kimi səciyyələndirərək bildirib ki, misli görünməmiş istilər ekstremal hava hadisələrini gücləndirib, bioloji müxtəlifliyi zəiflədib və enerji sahəsindəki həssaslıqları üzə çıxarıb. Bu vəziyyət təxirəsalınmaz azaldılma, uyğunlaşma və maliyyələşdirmə tədbirləri tələb edir, – deyə o vurğulayıb.

O qeyd edib ki, münaqişələr mövcud çağırışları daha da dərinləşdirərək “fəlakət gücləndiricisinə” çevrilir.

A.Quliyev xatırladıb ki, ATƏT PA-nın Porto Bəyannaməsində Assambleya Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsini kəskin şəkildə pisləyib. Bu müharibə ekoloji fəlakətlərə, əlaqələrin pozulmasına və emissiyaların artmasına səbəb olub.

A.Quliyev həmçinin vurğulayıb ki, regional münaqişələr həyati əhəmiyyətli infrastrukturun dağıdılmasına, təbii fəlakətlərə qarşı cavab vermə qabiliyyətinin zəifləməsinə gətirib çıxarıb. Eyni zamanda, korrupsiya dövlət institutlarının həm təbii, həm də insan tərəfindən törədilən fəlakətlərə cavab vermə imkanlarını zəiflədir və ictimai etimadı ciddi şəkildə aşındırır. Bu isə dövlət reaksiyalarının effektivliyini daha da azaldır. “Odur ki, bu mənfi dövrəni qırmaq əsas prioritet olmalıdır,” – deyə o bildirib.

A.Quliyev eyni zamanda müsbət dinamikanı göstərən bir sıra nümunələrə də toxunub. O, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını qeyd edərək bunun regionda əməkdaşlığın yeni mərhələsinə yol açdığını vurğulayıb.

İrəliyə baxaraq Quliyev ATƏT iştirakçı dövlətlərini erkən xəbərdarlıq sistemləri, risk xəritələşməsi və məlumat mübadiləsi, fəlakətlərə hazırlıq və iqlim şokları üçün ehtiyat fondları sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb. O, həmçinin süni intellekt və kvant hesablama texnologiyalarının ətraf mühitin monitorinqi və risk proqnozlaşdırılmasında çevriliş yarada biləcək potensialını vurğulayıb.

Sonda A.Quliyev Mərkəzi Asiya, Xəzər və Aralıq dənizi kimi həssas regionlarda transsərhəd resursların idarə edilməsinin gücləndirilməsinin zəruriliyini önə çəkib. “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün region üçün ciddi ekoloji, iqtisadi və sosial risklər yaradır. Ona görə də Xəzərin ekoloji balansının bərpası həyati əhəmiyyət daşıyır,” – deyə o qeyd edib.

Bu kontekstdə A.Quliyev bildirib ki, parlamentlər dövlət institutları ilə yerli icmalar arasında körpü rolunu oynaya, icra hakimiyyətlərinin tədbirləri üçün geniş ictimai dəstək formalaşdıra, qanunvericiliyi təkmilləşdirə və lazımi resursların ayrılmasını təmin edə bilərlər. “Öhdəlikləri real və təsirli fəaliyyətə çevirmək üçün parlamentlərin rolundan daha səmərəli istifadə etməliyik,” – A.Quliyev yekunlaşdırıb.

Vyanada olduğu müddətdə A.Quliyev ATƏT-in Daimi Şurasının gələcək sədri səfir Nägeli, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri səfir Župevc və ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru səfir Cüsupov ilə görüşərək prioritetləri bölüşüb və ATƏT-in icra strukturları ilə gündəlikləri uzlaşdırıb.

Bu gün günortadan sonra o, ATƏT PA-nın İqtisadi və Ətraf Mühit Komitəsinin rəsmiləri və bir neçə Xüsusi Nümayəndə ilə birgə (hibrid formatda) görüş keçirərək son yeniliklər barədə məlumat verəcək və iqtisadi və ekoloji təhlükəsizlik sahəsində daxili sinerjiləri gücləndirəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az