“Biz həm döyüş meydanında, həm də informasiya cəbhəsində qalibik” - Sara Əzimova

18:31 - 05 Noyabr 2025

“Biz həm döyüş meydanında, həm də informasiya cəbhəsində qalibik” - Sara Əzimova

Naxçıvan Dövlət Universitetində keçirilən "Zəfər İrsi" beynəlxalq elmi konfransı çərçivəsində təşkil olunan panel-müzakirədə “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova Azərbaycanın müasir tarixində mühüm yer tutan Zəfər irsinin əhəmiyyətindən danışıb.


Manset.az xəbər verir ki, çıxışında Sara Əzimova qeyd edib ki, Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı böyük qələbə təkcə döyüş meydanındakı uğurlarla məhdudlaşmayıb. Onun sözlərinə görə:

“Biz həm döyüş meydanında, həm də informasiya cəbhəsində qalibik.”

"Bu fikirlər Azərbaycan dövlətinin və xalqının qlobal informasiya mübarizəsində də məharətlə və prinsipial şəkildə fəaliyyət göstərdiyini nümayiş etdirir"- deyə Sara Əzimova vurğulayıb.

Baş redaktor bildirib ki, bu gün dünyada informasiya savaşları ən aktual məsələlərdən biridir və Azərbaycan bu sahədə çoxşaxəli, peşəkar və sistemli iş aparır. O, düzgün məlumatlandırmanın, informasiyanın operativ və dəqiq formada çatdırılmasının həm milli təhlükəsizlik, həm də ictimai rəyin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sara Əzimova çıxışında “Şərq qapısı” qəzetinin informasiya müstəvisində strateji mövqeyini də diqqətə çatdırıb:

 “Bizim əsas prinsipimiz ictimaiyyətin doğru və etibarlı məlumat almasını təmin etməkdir. Media nümayəndələri olaraq Zəfər İrsinin yaşadılması, bu qələbənin mahiyyətinin gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətimizi ardıcıl davam etdiririk.”

O əlavə edib ki, informasiya savaşı yalnız dövlətlər arasında deyil, cəmiyyətin bütün təbəqələrini əhatə edən geniş bir prosesdir. Bu baxımdan Azərbaycan jurnalistikasının, yazıçıların, media qurumlarının gördüyü işlər ölkənin Zəfər tarixinin təbliğində mühüm rol oynayır.

Konfransda səsləndirilən fikirlər Azərbaycan Zəfərinin həm tarixi, həm ideoloji, həm də informasiya baxımından əhəmiyyətini bir daha ortaya qoyub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az