Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın inkişaf strategiyasında yeni və mühüm mərhələnin əsaslarını müəyyənləşdirir.
Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki,
rəqəmsallaşma artıq alternativ deyil, milli təhlükəsizlik, iqtisadi
dayanıqlılıq və qlobal rəqabət qabiliyyətinin əsas şərtidir.
Süni
intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal islahatlar bu
gün dünya miqyasında ölkələrin inkişaf trayektoriyasını müəyyən edir.
Azərbaycan da bu qlobal transformasiya prosesindən kənarda qala bilməz. Əksinə,
Azərbaycan mövcud üstünlüklərdən istifadə edərək regionda və daha geniş
coğrafiyada rəqəmsal mərkəzə çevrilmək imkanına malikdir. Azərbaycanın
geostrateji mövqeyi, Asiya ilə Avropa arasında yerləşməsi, Şimal–Cənub və digər
beynəlxalq nəqliyyat dəhlizləri üzərində qərarlaşması ölkəyə mühüm tranzit
üstünlüyü qazandırır. İndi isə bu infrastrukturun fiber-optik və rəqəmsal
bağlantılarla tamamlanması zərurəti ortaya çıxır. Bu yanaşma Azərbaycanın
yalnız enerji və yük tranziti deyil, həm də məlumat və texnologiya axınlarının
əsas qovşaqlarından birinə çevrilməsi perspektivini formalaşdırır.
Enerji potensialı rəqəmsal inkişafın ən mühüm dayağıdır. Son illərdə generasiya gücünün əhəmiyyətli dərəcədə artırılması, yeni elektrik stansiyalarının istifadəyə verilməsi və mövcud ehtiyatlar data mərkəzlərinin yaradılması üçün real zəmin yaradır. Süni intellekt və böyük məlumat sistemlərinin geniş tətbiqi üçün sabit və güclü enerji təminatı əsas şərtdir və Azərbaycan bu baxımdan əlverişli mövqedədir.

Azərbaycanın
əsas hədəfi ali məktəblərdə və xaricdə təhsil proqramlarında süni intellekt,
informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslara üstünlük verməklə
gələcək üçün insan kapitalının formalaşdırılmasıdır. Orta məktəblərdə ilkin
rəqəmsal biliklərin aşılanması isə uzunmüddətli inkişaf modelinin əsasını
təşkil edəcək.
Ümumilikdə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə Azərbaycanın post-neft mərhələsində iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində ardıcıl siyasətin davamı kimi qiymətləndirilməlidir.

Bu
yanaşma ölkənin beynəlxalq tərəfdaşlarla əməkdaşlığını dərinləşdirəcək, yeni
investisiya imkanları yaradacaq və dövlət idarəçiliyində keyfiyyətcə yeni
mərhələnin başlanğıcını təmin edəcək. Rəqəmsal transformasiya artıq gələcəyin
layihəsi deyil, bu günün strateji vəzifəsidir. Azərbaycanın qarşıya qoyduğu
məqsəd isə aydındır: mövcud üstünlükləri innovativ yanaşma ilə birləşdirərək
rəqəmsal inkişafın aparıcı iştirakçılarından birinə çevrilmək.
Vasif Qafarov
Milli Məclisin deputatı,
tarix
elmləri doktoru