Sosial medianın inkişafı və informasiya axınının sürətlənməsi klassik medianın mövqeyinə təsir etsə də, qəzetlər öz varlıqlarını qoruyub saxlamalıdır.
Manset.az xəbər verir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzulu panel sessiyada “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
O bildirib ki, bu gün Azərbaycan mətbuatı, xüsusilə də klassik mətbuat ənənələri sosial media mühitində öz təsirini müəyyən qədər itirsə də, hələ də böyük dəyər daşıyır:
"Hesab edirəm ki, Azərbaycanda klassik media ənənələri yaşamalıdır. Çünki qəzetlər təkcə informasiya vasitəsi deyil, həm də düşüncə mədəniyyətidir. Bəzən oxucu auditoriyası azalsa da, bu nəşrlər milli informasiya tariximizin əsas dayaqlarıdır.
Qəzetlərin yaşadılması və onların fəaliyyətinin dəstəklənməsi üçün yeni yanaşmalar tapılmalıdır. Bu sahədə müxtəlif variantlar mövcuddur, lakin əsas məsələ qəzetlərin gündəlik olaraq ictimai rəyə təsir imkanlarını qorumaqdır. Sosial mediada fikir bildirmək asandır, amma bu, qəzetdə yazılan analitik sözün dəyərini əvəz etmir. Biz bu dəyərləri yaşatmalı və onları gələcək nəsillərə ötürməliyik”.