13 fevral 2026-cı il tarixində İçərişəhərdə milli-mədəni irsin təbliği istiqamətində növbəti əlamətdar hadisə baş tutub.
Manset.az xəbər verir ki, uzunmüddətli fasilədən sonra “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərən milli “Dastan” brendinin rəsmi sərgi-satış məkanı əsaslı bərpa və təmir işlərindən sonra yenidən istifadəyə verilib, eyni zamanda türk dünyasının ortaq mədəni irsini əks etdirən “Turan ruhu” adlı yeni kolleksiyanın təqdimatı keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Qoruq İdarəsinin rəhbərliyi, xarici ölkələrin
diplomatik nümayəndəliklərinin təmsilçiləri, eləcə də tanınmış mədəniyyət və
incəsənət xadimləri iştirak edib.
“Dastan” brendinin sayca 6-cı kolleksiyası olan
“Turan ruhu” layihəsi Azərbaycan və digər türk dövlətlərinin zəngin mədəni
irsindən, tarixi-memarlıq abidələrindən, dekorativ-tətbiqi sənət nümunələrindən
və günümüzədək qorunub saxlanılmış mənbələrdən ilhamlanaraq hazırlanıb. 9
dizayner tərəfindən ərsəyə gətirilən və 100-ə yaxın məhsulu əhatə edən
kolleksiyada keramika (dekorativ boşqablar, güldanlar, çay dəsti), batika (ipək
şərflər və kəlağayılar), ağacişləmə (güzgü, nərd, mücrü, fotoçərçivə, masaüstü
lampa, dekorativ güldan) və zərgərlik (qolbaq, sırğa, üzüklər) istiqamətləri
üzrə müxtəlif nümunələr təqdim olunur. Kolleksiya çərçivəsində məhsullar
müxtəlif bədii və texniki yanaşmalar əsasında hazırlanıb və UNESCO-nun
qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş sədəfkəsmə, şəbəkə sənəti və
kəlağayının basma texnikası tətbiq edilib. Layihənin əsas məqsədi türkdilli
xalqların mədəniyyətinin təbliği, canlandırılması və gələcək nəsillərə
ötürülməsidir.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və
Britaniyanın “Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi”nin birgə layihəsi olan İçərişəhər
Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə
2012-ci ilin oktyabr ayında təsis edilib. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində
həm yaradıcı, həm də tədris platforması kimi ölkəmizin milli incəsənət irsinin
öyrənilməsi, qorunması və müasir interpretasiyası, eləcə də Azərbaycan
brendinin beynəlxalq müstəvidə layiqincə təbliğ olunması istiqamətində ardıcıl
fəaliyyət həyata keçirib. Yarandığı gündən etibarən brendin məhsulları özünəməxsus
bədii həlli və yüksək estetik keyfiyyətləri ilə həm fərdi sənətsevərlərin, həm
də korporativ sektorun rəsmi hədiyyə seçimlərində üstünlük verilən milli nümunələr
sırasında xüsusi yer tutub.