İşğaldan azad edildikdən sonra Kəlbəcər rayonunda ilk dəfə sakinlərin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib.
Manset.az xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə
Xidmətinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən
tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin
yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.
Tədbir
torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik
sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev bayram
meydanında sakinləri salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik
edib, xoş arzularını çatdırıb.
Şəhərin
birinci yaşayış məhəlləsində böyük səməni ucaldılıb, bayram tonqalı qalanıb.
Zurna, balaban və nağaranın sədaları altında keçirilən musiqi proqramında Fikrət
Əmirov adına “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu “Uzundərə”,
“Cəngi” və “Dağlı” rəqslərini təqdim edib. Meydanda uşaqlar yumurta döyüşdürərək
Novruz adətlərini yaşadıblar. Kəlbəcər folklorunun ayrılmaz hissəsi olan “Maral
oyunu” da şənliyə xüsusi rəng qatıb.
Dədə Qorqud obrazında çıxış edən
ozan qopuz ifa edərək xeyir-dua verib, Kosa və Keçəlin məzəli səhnələri, Bahar
qızının çıxışı isə uşaqlara unudulmaz anlar yaşadıb.
Tədbir Kəlbəcərdə aparılan bərpa və yenidənqurma prosesləri fonunda sakinlər üçün bayram ab-havası yaradaraq onların sosial həyatına canlanma gətirib.