Bakıda çoxmənzilli binaların həyətində yaşanan parklanma problemi Nəsimi rayonunda narazılıq doğurub. Həmid Sultanov küçəsi 34C ünvanında yerləşən Shahdağ MTK-nın sakinləri ümumi istifadə sahəsinin sürücülərdən biri tərəfindən zəbt edilməsindən narahatdırlar.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, 10-FL-017 dövlət qeydiyyat nişanlı "Land Rover" markalı avtomobilin sahibi bina qarşısında özbaşına xüsusi qurğu quraşdırıb. Həmin ərazi bütün bina sakinlərinin bərabər hüquqlu istifadəsi üçün nəzərdə tutulsa da sürücü yeri yalnız özü üçün bağlayaraq qanunsuz parkinq zonası yaradıb.
Məhəllədə onsuz da avtomobillər üçün yer qıtlığı yaşandığını deyən sakinlər hər gün boş sahə tapmaq üçün 15 dəqiqə vaxt itirdiklərini vurğulayırlar. Belə sıxlıqda ümumi ərazinin bir nəfər tərəfindən qanunsuz mənimsənilməsi digər sürücülərin hərəkətini və parklanma imkanlarını tamamilə məhdudlaşdırıb.
Vətəndaşlar aidiyyəti dövlət qurumlarının məsələyə müdaxilə etməsini və qanunsuz quraşdırılmış maneənin aradan qaldırılmasını gözləyirlər.
Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Aritektura Komitəsinə informasiya sorğu göndərilib, hələlik sorğuya cavab verilməyib.