Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ 

15:28 - 26 Aprel 2026

Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ 

Bu gün 55 mindən çox şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verib.


Manset.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Nizami, Xəzər və Nəsimi rayonlarında, Sumqayıt, Abşeron, Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad, Masallı, Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad, Xaçmaz, Quba, Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilib.

Bu gün, həmçinin Çilov adasında yerləşən məktəbdə oxuyan şagirdlər buraxılış imtahanı verib. Həmin məktəbə imtahan rəhbəri və materialların daşınması "Azneft" İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4 171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55 282 şagirdin iştirakı nəzərdə tutulurdu.

İlkin məlumatlara əsasən, bir nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Aprelin 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın altı həftədən sonra elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az