Azərbaycanda tibbi xidmətlər daha əlçatan olacaq - Yeni sistem

16:40 - 03 İyun 2026

Azərbaycanda tibbi xidmətlər daha əlçatan olacaq - Yeni sistem
Səhiyyədə vahid məlumat bazasının (database) olması müasir səhiyyənin əsas elementlərindən biridir. Bu cür sistemlər həm xəstələrin daha keyfiyyətli xidmət almasına, həm də səhiyyə resurslarının daha səmərəli idarə edilməsinə imkan yaradır.


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, dövlət qurumları əhalinin sağlamlıq göstəricilərini real vaxtda izləyə, peyvəndləmə, skrininq və digər profilaktik proqramları daha effektiv planlaşdıra bilirlər:

"Xəstənin tam tibbi tarixçəsinə çıxış təmin edir. Həkimlər xəstənin əvvəlki diaqnozlarını, analiz nəticələrini, müalicələrini və istifadə etdiyi dərmanları görə bilir. Bu, daha düzgün diaqnoz və müalicə qərarlarının verilməsinə kömək edir. Məlumatlar sistemdə saxlanıldığı üçün xəstə hər dəfə yeni müayinədən keçmək məcburiyyətində qalmır. Bu həm vaxt, həm də maliyyə vəsaitinə qənaət edir. Təcili yardım və ya qəza zamanı həkimlər xəstənin allergiyaları, xroniki xəstəlikləri və digər vacib məlumatları dərhal əldə edə bilirlər.

Vahid tibbi məlumat bazası sadəcə elektron arxiv kimi başa düşülməməlidir, bu, həm də xəstələrin daha təhlükəsiz və keyfiyyətli xidmət almasına, həkimlərin daha məlumatlı qərarlar verməsinə, dövlətin isə səhiyyə siyasətini daha effektiv qurmasına imkan verən strateji bir alətdir. Rəqəmsal səhiyyənin əsas məqsədi də məhz məlumatın gücündən istifadə etməklə insan sağlamlığını daha yaxşı qorumaqdır. Ümumilikdə, ictimai səhiyyənin idarə edilməsini gücləndirir, səhiyyə xərclərini azaldır və iqtisadi inkişafa dəstək olur".

P.Vəliyeva bildirib ki, bu baxımdan bu gün istifadəyə verilən “Tibbi Rəqəmsal Əkiz Sistemi” Azərbaycanın səhiyyə sisteminin rəqəmsal transformasiyasında mühüm addımdır:

"Bu sistem vətəndaşların sağlamlıq məlumatlarını vahid platformada birləşdirərək onların ölkənin istənilən səhiyyə müəssisəsində əlçatan olmasını təmin edir. Nəticədə təkrar analizlərin aparılmasına ehtiyac azalır, xəstələrin əlavə vaxt və maliyyə itkilərinin qarşısı alınır, həkimlər isə daha dəqiq və operativ qərarlar qəbul edə bilirlər.

Sistem həmçinin süni intellekt texnologiyalarından istifadə etməklə əhalinin sağlamlıq göstəricilərinin təhlilinə, xəstəliklərin erkən aşkarlanmasına və potensial səhiyyə böhranlarının proqnozlaşdırılmasına imkan yaradır. Bu isə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və resursların daha səmərəli idarə olunması baxımından böyük əhəmiyyət daşıyır.

TRƏS-in tətbiqi Azərbaycanın rəqəmsal səhiyyə sahəsində regional liderliyini daha da möhkəmləndirəcək. Belə ki, sistemin Cənubi Qafqaz və Mərkəzi Asiyada ilk dəfə Azərbaycanda tətbiq olunması ölkəmizi müasir səhiyyə texnologiyalarının tətbiqi üzrə qabaqcıl dövlətlərdən birinə çevirir. Vahid səhiyyə məlumat bazası ilə inteqrasiya olunan bu sistem vətəndaşlara daha sürətli, şəffaf və əlçatan tibbi xidmətlərin göstərilməsinə şərait yaradacaqdır".

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az