Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “WhatsApp” və “WhatsApp Business” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.
Manset.az xəbər verir ki, bu barədə MKA məlumat yayıb.
İstifadəçilərə aşağıdakı vacib təhlükəsizlik tədbirlərini görmək tövsiyə edilir:
· Bağlı cihazları dərhal yoxlayın. Tətbiqdəki “Bağlı cihazlar” bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin, çünki hesabınız öz telefonunuzda işləsə belə, başqa cihazdan istifadə oluna bilər.
· İkimərhələli təsdiqləməni aktivləşdirin. Ayarlar bölməsindən hesabınıza əlavə qorunma qurun və bərpa üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin.
· Kodları heç kimlə paylaşmayın. SMS təsdiq, cihaz bağlama və təhlükəsizlik PIN-kodunu başqalarına verməyin, həmçinin özünüz başlatmadığınız giriş sorğularını təsdiqləməyin.