Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasının növbəti mərhələsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan Sünik (Zəngəzur) bölgəsində vaxtından əvvəl reallaşdırıla bilər.
Manset.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, TRIPP layihəsinin infrastrukturu ilə əlaqədar delimitasiya işlərinin növbədənkənar qaydada aparılması ehtimalı yüksəkdir.
“Düşünürəm ki, TRIPP-in infrastrukturu ilə əlaqəli delimitasiya işlərinin vaxtından əvvəl həyata keçirilməsi çox realdır”, - deyə Qriqoryan bildirib.
Baş nazirin müavini qeyd edib ki, layihə çərçivəsində elektrik ötürücü xətlərin, avtomobil yolunun və dəmir yolunun layihələndirilməsi işlərinə başlamaq istəyirlər.
“Bu üç infrastrukturun hamısı Sünikdə tikilməlidir”, - deyə o vurğulayıb.
Baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentdə bildirib ki, Ermənistan hökuməti faktiki olaraq TRIPP layihəsinin icrasına başlayıb.
O qeyd edib ki, hökumət növbəti mərhələlərin təşkilini gözləmədən öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsi işlərinin sifarişinə başlayacaq.
“Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişafı üzrə şirkət yaradılan kimi Ermənistan hökuməti artıq görülmüş işləri həmin şirkətə təhvil verəcək”, - deyə Paşinyan bildirib.
O vurğulayıb ki, bu layihə sayəsində Ermənistan 30 ildən artıqdır davam edən blokadadan çıxmaq imkanı əldə edəcək.
Xatırladaq ki, ötən həftə Ermənistan parlamentində TRIPP layihəsi ratifikasiya olunub.
Azərbaycanın "Zəngəzur dəhlizi" adlandırdığı TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
"Tramp yolu" (TRIPP) Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək.