Qarabağ müharibəsi iştirakçıları və digər şəxslərin əmlaklarının qanunsuz yolla ələ keçirilməsi faktı ilə bağlı açılan cinayət işinə məhkəmədə baxılma zamanı bəlli olub.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 39 nəfərə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçirmiş, o cümlədən 12 min 308 manat məbləğində pulu leqallaşdırmış Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə yekun ittiham elan edilərək, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə 10.01.2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu ilin iyulun 27-də saxlanılan Elvin Əliyevin Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğlu olduğu deyilir.