Bu gün Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Qəhrəman Bakıda onun adını daşıyan küçədə ucaldılan abidəsinin önündə anılıb.
Mərasimdə rəsmilər, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.
Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakıda anadan olub. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub. Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, bu ada layiq görülən ilk hərbçilərdən olub.








