Əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərbdən hərəkət edən hava kütlələrinin təsiri nəticəsində dekabrın 23-ü günün ikinci yarısından hava şəraiti dəyişib. Bəzi yerlərdə güclü qərb küləyi əsib. Küləyin maksimal sürəti Tərtər, Naftalanda saniyədə 32, Bərdə, Gəncə, Daşkəsəndə 30, Ağdam, Yardımlı, Tovuzda 28, Mingəçevirdə 26, əksər rayonlarda isə 25 metrədək güclənib. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 24 metr/saniyəyə çatıb. Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb. Dağlıq rayonlarda qar örtüyünün hündürlüyü Gədəbəydə 8, Göygöl, Daşkəsən, Ordubadda 3 santimetr olub.
Manset.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək. Güclü külək zamanı yüngül konstruksiyalı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacın altında dayanmamaq tövsiyə olunur. Əhalinin ehtiyatlı olması məsləhət görülür", - deyə G.Məmmədova qeyd edib.