Pilot huşunu itirdi - Təyyarə 10 dəqiqə pilotsuz uçdu

15:45 - 19 May 2025

Pilot huşunu itirdi - Təyyarə 10 dəqiqə pilotsuz uçdu

Lufthansa aviaşirkətinə məxsus sərnişin təyyarəsi ikinci pilotun huşunu itirməsi səbəbindən təxminən 10 dəqiqə ərzində pilotsuz uçuş həyata keçirib.


Manset.az xəbər verir ki, bu barədə Almaniyanın "dpa" xəbər agentliyi məlumat yayıb.

Hadisə bu ilin fevralın 17-də Frankfurtdan İspaniyanın Sevilya şəhərinə uçan Airbus A321 tipli təyyarədə baş verib. Uçuş zamanı təyyarənin 43 yaşlı kapitanı tualetdən istifadə etmək məqsədilə kokpitdən çıxdıqdan az sonra 38 yaşlı ikinci pilot qəfil huşunu itirib. Nəticədə kokpitdə heç kim olmayıb və təyyarə 199 sərnişin və 6 ekipaj üzvü ilə birlikdə 10 dəqiqə ərzində nəzarətsiz qalıb.

İspaniyanın mülki aviasiya qəza təhqiqat bürosu CIAIAC-ın hesabatına istinad edən dpa agentliyi yazır ki, bu müddətdə təyyarə avtopilot rejimində sabit uçuşunu davam etdirib. Kokpit səs yazıcısı həmin vaxt pilotun qəfil tibbi problemi yaşadığını göstərən qəribə səsləri qeydə alıb.

Kapitan bir neçə dəfə kokpitə daxil olmaq üçün standart giriş kodunu daxil etməyə cəhd etsə də, cavab ala bilməyib. Beş cəhddən sonra o, fövqəladə vəziyyət kodunu aktivləşdirib. Bu zaman qapının avtomatik açılmasına saniyələr qalmış ikinci pilot özünü toparlayaraq qapını içəridən açıb.

Daha sonra kapitan uçuş planını dəyişərək təyyarəni Madridə endirib. Huşunu itirmiş ikinci pilot xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Lufthansa açıqlama verərək həm insidentdən, həm də başlanan araşdırmalardan xəbərdar olduğunu təsdiqləyib. Şirkət həmçinin bildirir ki, daxili təhlükəsizlik xidməti də məsələni araşdırır. Lakin araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmayıb.

İlkin versiyaya görə, ikinci pilot huşunu itirdikdən sonra idarəetmə qurğularına qeyri-ixtiyari müdaxilə etsə də, avtopilotun aktiv olması təyyarənin təhlükəsiz uçuşunu təmin edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv