Hindistanın Çhattisqarh əyalətində təhlükəsizlik qüvvələri ilə maoçu üsyançılar arasında baş verən silahlı qarşıdurmada azı 27 üsyançı zərərsizləşdirilib.
Manset.az xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.
Bildirilib ki, toqquşma Narayanpur rayonunda qeydə alınıb. Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı da həlak olub.
Hindistanın daxili işlər naziri Amit Şah “X” sosial şəbəkəsində verdiyi açıqlamada, məhv edilənlər arasında maoçu təşkilatın yüksək vəzifəli nümayəndəsinin də olduğunu təsdiqləyib.
Qeyd edək ki, Çin lideri Mao Zedongun ideyalarından təsirlənən maoçu üsyançılar 1967-ci ildən etibarən Hindistanın şimal, şərq və mərkəzi bölgələrində silahlı mübarizə aparırlar. Onlar yerli tayfaların və kasıb təbəqənin hüquqları uğrunda mübarizə apardıqlarını bildirirlər.
Cənubi Asiya Terrorçuluq Portalının məlumatına görə, 1999-cu ildən bu günə qədər maoçularla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 14 mindən çox insan, o cümlədən 8 min mülki şəxs həyatını itirib.