İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya yönəlik hərbi əməliyyatların gələcəyi ilə bağlı mühüm açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu keçirdiyi mətbuat konfransında Qəzza zolağında davam edən genişmiqyaslı əməliyyatların məqsədinin HƏMAS təşkilatını tamamilə məhv etmək və bölgəni İsrail nəzarətinə keçirmək olduğunu bildirib.
O, bu əməliyyatların “Gideonun arabaları” adlandırıldığını və İsrailin təhlükəsizliyini təmin edəcək “aydın və konkret şərtlər” daxilində sona çatdırılacağını deyib.
Netanyahu qeyd edib ki, hücumların dayandırılması üçün əsas şərtlər arasında HƏMAS-ın silahlarını təhvil verməsi, rəhbərlik heyətinin bölgədən çıxarılması və israilli girovların azad edilməsi yer alır.
Bununla yanaşı, Netanyahu hücumların davam edib-etməməsinin Donald Trampın fələstinliləri bölgədən çıxarmağı nəzərdə tutan planının həyata keçirilib-keçirilməyəcəyindən asılı olduğunu vurğulayıb. O, bu planı “çox düzgün və inqilabi” adlandırıb.
Netanyahu ABŞ-la münasibətlərin pisləşdiyi ilə bağlı yayılan iddiaları da təkzib edib.