Türkiyədə məktəb binasının tikintisi zamanı insan kəlləsi və müxtəlif sümük qalıqları aşkarlanıb.
Manset.az-ın Haberglobal-a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Türkiyənin Qars şəhərində Xalq Kitabxanasının arxasında inşa edilən məktəbin bünövrə qazıntısı zamanı baş verib.
Məlumata görə, kitabxananın mühafizəçisi qazıntı zamanı torpaq qatında insan kəlləsi olduğunu görərək dərhal hüquq-mühafizə orqanlarına xəbər verib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Ərazidə aparılan ilkin araşdırmalardan sonra aşkarlanan sümük qalıqları ekspertiza üçün Ədliyyə Tibb Təşkilatına təhvil verilib. Qalıqların kimə aid olduğu və ölüm səbəbinin müəyyənləşdirilməsi üçün istintaq tədbirləri davam etdirilir.