Aİ və ABŞ arasında Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yayınmağa qarşı birgə mübarizəyə dair danışıqlar nəticəsiz qalıb.
Manset.az xəbər verir ki, bu məlumatı RİA Novosti Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə istinadən yayıb.
"Bunu mayın 20-də Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclası ilə bağlı Xarici İşlər Nazirliyinin daxili hesabatı sübut edir. Məxfi sənədə əsasən, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sullivan sanksiyalardan yayınma məsələsində transatlantik koordinasiyanın tamamilə pozulduğundan şikayətlənir".
Qəzetin yazdığına görə, bu istiqamətdə əməkdaşlıq hətta G7 çərçivəsində də iflasa uğrayıb.
“Belə bir şəraitdə avropalılar və amerikalıların yeni sanksiyalar paketi üzərində necə razılaşa biləcəkləri bəlli deyil”, – qəzet əlavə edib.
Bundan əvvəl Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini qəbul etdiyini açıqlayıb. Yeni paket qüvvəyə mindikdən sonra sanksiyalar 2,4 mindən çox şəxs və təşkilata şamil olunacaq.